Zahid Oruc danışmaq üçün 5 dəqiqə ilə razılaşmır

“Parlamentin plenar iclasında müzakirələr geniş formatda və diskusiyalar şəklində keçməlidir”


Milli Məclisin ötən gün keçirilən plenar iclasında deputat Zahid Oruc "Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı narazılıq edib. Parlament üzvü reqlamentlə çıxış üçün nəzərdə tutulan vaxtın 10 dəqiqədən 5 dəqiqəyə endirilməsinə etiraz edərək təklif edib ki, əlavə çıxış etmək istəyənə imkan verilsin:

"Bu 5 dəqiqə ömrümüzdən nə alacaq ki? Yaxşı olardı ki, 10 dəqiqə çıxış etmək istəyənin vaxtı kəsilməsin”. 

Z.Orucun təklifi spikerin reaksiyasına səbəb olub. Oqtay Əsədov "əgər 10 dəqiqəlik çıxış etmək istəyirsənsə et, heç kim sənə mane olmur” deyə cavab verib. Məlumat üçün bildirək ki, bir sıra deputatlar mühüm qanun lahiyələrinin müzakirəsi zamanı reqlamentin qanuna uyğun şəkildə uzadılmasını təklif edirlər. Lakin əksər millət vəkilləri qanun layihələrinin komitə iclaslarında geniş müzakirə olunduğunu əsas gətirərək, plenar iclasda reqlamentin 5 dəqiqə olmasını normal sayırlar. 

Etiraza səbəb olan məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Zahid Oruc deyib ki, müzakirə üçün ayrılan vaxt Milli Məclisdə qanunla müəyyən edilib: 

"Qanunda göstərilib ki, parlament üzvləri hər hansı müzakirə olunan məsələ ilə bağlı nəinki sadəcə 10 dəqiqəlik çıxış hüququndan, eləcə də təkrar söz almaq haqqından istifadə edə bilər. Bu səbəbdən deputatın komitə iclaslarında çox və ya az danışmasından asılı olmayaraq, parlamentin plenar iclasında müzakirələr geniş formatda və diskusiyalar şəklində keçməlidir. Bu, qanundur və hamımız ona əməl etməliyik. Bundan başqa heç bir sözüm yoxdur”.

İsmayıl