Zahid Oruc: "Müharibə yalnız səngərdə getmir"




Xarici dövlətlərin attaşelərinin hərbi hissələrdə olması çox faydalı olacaq
Müdafiə Nazirliyinin illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici
dövlətlərin hərbi attaşeləri hərbi hissələri ziyarət ediblər. Nazirliyin mətbuat xidmətindən verilən
məlumata görə, 14 dövləti təmsil edən 20-dən çox attaşe Hərbi Dəniz Qüvvələrinin hərbi
hissələrinə baş çəkiblər.
Qonaqlar hərbi hissənin qərargahı, silahlanması, şəxsi heyətin yerləşmə şəraiti, inzibati binalar,
əsgər yeməkxanası və digər obyektləri ilə tanış olublar. Hərbi attaşelər səfərin yüksək səviyyədə
təşkilinə görə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 

Məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında xarici ölkələri təmsil edən şəxslərin hərbi hissələri ziyarət etməsinin çox faydalı olduğunu deyib: 
"Aprel savaşından sonra erməni tərəfi maksimum dərəcədə ölkədə yerləşən diplomatik korpus təmsilçilərini prosesə cəlb etməyə, özlərini "məzlum” tərəf kimi göstərməyə çalışdılar. Ermənistan rəhbərliyi hazırlatdırdığı saxta, həqiqəti əks etdirməyən video-görüntülərlə hərbi attaşelərin mövqelərini öz tərəfinə çəkməyə cəhd etdi. Düşmənin məqsədi əksər xarici dövlətlərin onları dəstəklədiyi görüntüsünü yaratmaq idi. Yəni səngərdə uğursuzluğa düçar olan ermənilər diplomatik müstəvidə nəyəsə nail olmağa çalışırdılar. Amma Azərbaycan tərəfi adekvat addımlarla düşmənə cavab verdi və hərbi attaşelərin Lələtəpəyə qədər gedib çıxmasına şərait yaratdı. Həmin dövrdən etibarən mütəmadi olaraq səfirlik nümayəndələri cəbhə bölgəsinə dəvət edilir və onlara Dağlıq Qarabağın tarixi, nə vaxt və hansı səbəbdən işğala məruz qalması barədə dolğun məlumatlar verilir. Hesab etmirəm
ki, bu, bizim kəşfiyyat maraqlarına mənfi təsir göstərir. Çünki hər bir xarici təmsilçi hərbi
hissəyə daxil olarkən texnoloji imkanlardan tamamilə məhrum edilir”. 

Deputatın sözlərinə görə, attaşelərin hərbi hissələrdə olması bir çox tərəfdən önəmlidir: 

"Müdafiə Nazirliyi son illər ərzində xarici ölkələrin səfirlikləri ilə yaxşı əlaqə qururlar. Bu, təkcə məlumatlandırma xarakteridaşımır, eyni zamanda tərəflər arasında hərbi əməkdaşlığın inkişafına təsir göstərir. Azərbaycanın hərbi sənaye potensialına yaxşı töhfə verir. Biz çox arzulayırıq ki, Azərbaycanda fəaliyyət göstərən səfirliklər öz ölkələrinə Qarabağ münaqişəsi ilə bağlı yalnız həqiqətləri ötürsünlər. İstənilən bir səfirin mövqeyimizə zidd açıqlama verməsindən ermənilər böyük şou düzəldirlər. Onların ədalətli fəaliyyətindən çox şey asılıdır. Ona görə də xarici ölkələrlə fəal
işləməyi bacarmalıyıq. Müharibə yalnız səngərdə getmir”.

İsmayıl