Zərər görən gürcü xalqıdır

Rusiya-Gürcüstan münasibətlərinin yaxşılaşması tərəflərin xeyrinə olacaq
“Görünür, artıq tərəflər fərqindədir ki, münasibətləri normallaşdırmağın vaxtı çatıb”

"Müəyyən şəraitdə rəsmi Moskva və Tbilisi diplomatik münasibətlərin bərpasına nail ola bilər”. Bunu Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib. Onun sözlərinə görə, Gürcüstan praktik məsələləri üzrə dialoqu davam etdirməyə hazırdır.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Gürcüstanın bəyanatına müsbət yanaşıb. Karasin bildirib ki, əgər həmkarı Abaşidze bu cür sözlər işlədibsə, bunu ancaq alqışlamaq olar: "2008-ci ildən iki ölkə arasında münasibətlər pozulub. Bizim tərəfimizdən münasibətlərin bərpası üçün əngəl yoxdur. Odur ki, müsbət dəyişikliklər ancaq Gürcüstandan asılıdır”. 

Məlumat üçün deyək ki, fevral ayında Zurab Abaşidze ilə Qriqori Karasin arasında görüş keçirilməsi nəzərdə tutulur. 

Rusiya-Gürcüstan əlaqələri ilə bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, tərəflər arasında uzun müddətdir davam edən qarşıdurma heç bir ölkəyə xeyir gətirmir: 

"2008-ci ildən iki dövlət arasında iqtisadi əlaqələr demək olar ki, yoxdur. Sadəcə humanitar, mədəni sahələrdə bir sıra əməkdaşlıqlar davam etdirilir. Ancaq coğrafi cəhətdən biri-birinə qonşu olan dövlətlər hərtərəfli münasibətlərini tam şəkildə formalaşdırmalı, gediş-gəlişi, mütəmadi təması bərpa etməlidir. Çünki qonşu dövlətlərin birgə qazanc əldə etməsi üçün bu amillər əsas şərtdir”. 

Siyasi şərhçi xatırladıb ki, 40 ildir dondurulan ABŞ-İran münasibətləri bir çox fəsadlara yol açıb: 

"Əlaqələrin pozulması səbəbindən İran 100, ABŞ 80, Avropa İttifaqı isə 85 milyard dollar vəsait itirib. Nəzərə almaq lazımdır ki, istənilən savaşın, daha sonra başlayan soyuq müharibənin bütün fəsadları sadə vətəndaşların üzərinə düşür. Xüsusən, işgüzar şəxslər, müəssisələr, biznes qurumları münasibətlərin korlanmasından dolayı ciddi sıxıntılar çəkirlər. İndi elə şərait yaranıb ki, rus və gürcü üz-üzə gələndə biri digərinə nifrətlə, aqressiya ilə, şübhəylə baxır. Görünür, artıq tərəflər fərqindədir ki, münasibətləri normallaşdırmağın vaxtı çatıb. Məncə, əlaqələr nə qədər tez bərpa olunarsa, iki xalq üçün o qədər yaxşı nəticələnər. Kənardan məsələyə müdaxilə edənlər çox ola bilər, amma istənilən halda zərər görən gürcü xalqıdır. ABŞ-ın yeni Prezidenti Donald Tramp da hazırda təcrid siyasəti yeridir. Əgər tərəflər özləri əlaqə qurmaqda maraqlıdırsa, onda kənar qüvvələrin məsələyə yanaşması ikinci dərəcəli olur”.

İsmayıl