"Deyək ki, uşaq valideyn himayəsindən məhrum edildi, sonra nə olacaq?" - Ekspert 


Maliyyə yoxdursa çətin olacaq, onlar üçün sığınacaqların yaradılması, uşaqlarla işləyən sosial işçilərin hazırlanması kimi məsələlər ortaya çıxacaq




Azərbaycanda "Uşaq Məcəlləsi" layihəsi işlənib hazırlanıb. Bunu Sputnik Azərbaycan-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. Onun sözlərinə görə, hazırda sənəd üzərində iş yekunlaşma mərhələsindədir. Yekunlaşdıqdan sonra 2020-ci ildə Milli Məclisə təqdim ediləcək. Bu sənəd Azərbaycanda indiyə qədər uşaqların hüquqlarının qorunması ilə bağlı mövcud olan bütün normaları özündə cəmləşdirəcək. Buraya əvvəllər ölkədə mövcud olan qanunvericilik aktlarında əksini tapmamış komponentlər də daxildir

"Bu, sadəcə bir sənəd deyil. Buraya zorakılığa məruz qalan uşaqların, əlillərin, təhsil sisteminin, səhiyyə sisteminin və sosial təsisatların hüquqlarının müdafiəsi ilə bağlı komponentlər daxil ediləcək. Məcəlləyə uyğun olaraq, daha 11 dövlət təşkilatı uşaqların müdafiəsinə cavabdeh olacaq", - deyə Səfərov bildirib.



Qeyd etmək lazımdır ki, Uşaq Məcəlləsində valideyn hüquqlarından məhrumetmə qaydaları və şərtləri də yer alacaq.
E.Səfərovun sözlərinə görə, valideyn hüquqlarından məhrum edilmənin səbəbləri valideynlərin fəaliyyətsizliyi, yetkinlik yaşına çatmayanlara qayğı göstərilməməsi, uşaqlara laqeyd münasibət, təhsil və inkişafa mane olmaq, tibbi müayinənin olmaması ola bilər.
"Əgər biz uşağın ümumiyyətlə məktəbə və digər təhsil müəssisələrinə getmədiyini görsək, ilk növbədə səbəbi valideynlərdə axtarırıq. Çox vaxt məktəblərin özlərində bu məlumatları aşkarlayaraq yerli icra hakimiyyəti orqanlarına göndərirlər", - Səfərov bildirib.

Bəzən bölgələrdə valideynlər qızları qəsdən tam orta təhsil almaq imkanından məhrum edirlər ki, universitetlərə daxil ola bilməsinlər. Onlara peşəkar idman növləri ilə məşğul olmağı da qadağan edirlər. Bundan sonra təhsili olmayan qızlar zorla evlənməyə məcbur edilirlər. Belə şərtlər bəzən yetkinlik yaşına çatmayanların intiharına səbəb olur.

Məsələ ilə bağlı Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov  "Şərq"ə açıqlamasında bildirib ki, qanunlar qəbul olunarkən öncə ona riayət olunub-olunmayacağı, həyata keçirilməsi üçün imkanlar nəzərə alınmalıdır:



"Valideynin himayəsindən alınan uşaqlar, dövlətin diqqətində bir saylı məsələ olmalıdır. Onların təhsili, sağlamlığı, uşaqlara səhiyyə xidmətinin göstərilməsi dövlətin prioritet məsələsidir. Azərbaycan cəmiyyətində uşaqların hüququ yalnız kağız üzərində qalır. Bunun üçün də uşaq hüquqları ilə bağlı bir sıra problemlər mövcuddur. Deyək ki, valideyn valideynlik hüququndan məhrum edildi, ondan sonra həmin uşağın taleyi necə olacaq? Valideynlərin himayəsindən alınan uşaqları dövlət qəyyumluğa götürür. Bundan sonra dövlətin imkanı varmı ki, həmin uşağın cəmiyyət üçün normal insan kimi yetişməsində yardım edə bilsin? Qanuna görə, həmin uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartlar müəyyən olunur. Dövlət uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir. Məsələn, normal təhsil almalarını təmin etməli, müxtəlif növ zorakılıq və istismardan qorumalı, yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaratmalıdır. Həmçinin yaşayış standartları, qida və tibbi xidmətə malik olmaq kimi hüquqlar da bura aiddir. Bütün bunlar üçün də dövlət tərəfindən maliyyə yardımı ayrılmalıdır. Maliyyə yoxdursa, onların sonrakı mərhələdə yerləşdirilməsi, onlar üçün sığınacaqların yaradılması, uşaqlarla işləyən sosial işçilərin hazırlanması kimi məsələlər ortaya çıxacaq. Ona görə düşünürəm ki, yenə də köhnə hamam, köhnə tas olacaq".

İlahə Əhmədqızı