“Ölkəmizdəki multikulturalizm və tolerantlıq ənənəsi, mühiti humanitar bir sivilizasiya dəyəri kimi təşviq edilməlidir”
Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilib. Sammitə qatılan Prezidenti İlham Əliyev çıxış edərək bir neçə məsələyə toxunub. Ölkə başçısının diqqət çəkdiyi məsələrdən biri də Azərbaycanda multikulturalizm dəyərlərinin təbliği ilə bağlı olub. Prezident qeyd edib ki, Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir: "Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Humanitar Forumu ənənəvi olaraq keçirilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən dəstəklənir. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri, yəni, bütün bu tədbirlərin bir məqsədi var - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi verməkdir. Çünki biz yaxşı görürük və mətbuatdan da izləyirik ki, dini zəmində, etnik zəmində, məzhəb zəminində bir çox xoşagəlməz hallar - münaqişələr, qarşıdurmalar, müharibələr, qardaş qanının axıdılması baş verir. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədilir. Biz bu istiqamətdə öz səylərimizi birləşdirməliyik".
Yazıçı-kulturoloq Aydın Xan Əbilov da “Şərq”ə açıqlamasında söyləyib ki, Azərbaycan multikulturalizmi bütün dünyada bizim kulturoloji, tarixi, ideoloji bir silahımız olaraq təbliğ edilməyə layiqdir:
“Çox sevinirəm ki, ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz beyin mərkəzi olaraq bütün dünyada Qafqazın ən qədim xalqları yaşayan Azərbaycanda 70-ə yaxın xalqın nümayəndəsinin birgəyaşayış modelini təbliğ edir. Belə bir sivilizasiya məkanı olan ölkəmizi və burada mövcud olan dəyərləri beynəlxalq dəyərə çevirmək üçün mütləq onu öyrənmək, tədqiq etmək, yaymaq lazımdır. Bilirik ki, ölkəmizdə ənənəvi olaraq humanitar forumlar, dinlərarası və mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa çevrilən bir sıra beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlərin iştirakçıları da xüsusi olaraq vurğulayırlar ki, sözün həqiqi mənasında, Azərbaycan multikulturalizm mərkəzinə çevrilib”.
Kulturoloqun qənaətincə, Avropada, eləcə də dünyanın digər qitələrində multikultural dəyərlərin, tolerant baxışların iflasa uğradığı, yaxud iflasa uğradıldığı bir vaxtda Azərbaycanın multikultural dəyərlərinin təbliğinə və dünyada yayılmasına böyük ehtiyac var:
“Burada müxtəlif dinlilik, müxtəlif millətlilik, müxtəlif mədəniyyətlilik var. Eyni zamanda da ölkəmizdə ayrı-ayrı sivilizasiyaların sərhədi qovuşur. Azərbaycanda müxtəlif dinlərin, konfessiyaların nümayəndələrinin birgəyaşayışa könül verməsi, eləcə də onların birgə dualar etməsi çox təqdirəlayiqdir”
Müsahibimiz onu da əlavə edib ki, indiki məqamda Azərbaycanda məscidlə yanaşı, kilsə və sinaqoqlar da fəaliyyət göstərir, burada heç bir dini ayrıseçkiliyə yol verilmir:
Bütün millətlərin nümayəndələrinə eyni gözlə baxılır. Bu, bütün dövlətlər üçün örnəkdir. Azərbaycandakı multikulturalizm və tolerantlıq ənənəsi, mühiti humanitar bir sivilizasiya dəyəri kimi təşviq edilməlidir. Ona görə də Azərbaycanın multikulturalizm dəyərlərinin təbliği və onun yayılması, eyni zamanda, dünyada bu ənənələrdən istifadə edilməsi çox vacib bir məsələdir”.