Viza rejiminin ləğvi: Naxçıvanla-İran arasında miqrasiya prosesləri intensivləşəcək

Naxçıvan Muxtar Respublikasına (MR) səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib. Bu barədə İranın Naxçıvan MR-dəki Baş konsulluğu məlumat yayıb. Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər.

Yeni dəyişikliklərlə bağlı Sherg.az-a danışan Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov viza rejiminin ləğv edilməsinin lazımlı qərar olduğunu deyib:

“Çünki Naxçıvan blokada şəraitində olan Muxtar Respublikadır. İstər-istəməz əcnəbilərin cəlb olunması ilə bağlı qərar həm də Muxtar Respublikanın iqtisadi blokadasının yarılmasına xidmət edir. Çünki viza prosedurları istənilən dövlətlər arasında çox vaxt insanları narahat edən və qayğılandıran bir rejimdir. Viza almaq, sənədləri təqdim etmək müəyyən vaxt tələb edir. Amma bu miqrasiya proseslərinin idarə olunması baxımdan əlverişli alət hesab olunur. Naxçıvanda situasiya bir qədər fərqlidir. Bu gün elə bir şərait yaradılmalıdır ki, iranlıların Naxçıvana giriş-çıxışı bir qədər sadələşdirilmiş olsun. Əcnəbilər bir çox məsrəflər etmədən və vaxt itkisi olmadan çox rahat şəkildə Naxçıvana daxil ola bilsinlər. Bu baxımdan əlavə prosedur qaydaları və müəyyən qayğılar olmayacaq deyə vizanın ləğvi müsbət haldır”. 



Azər Allahverənov: "Bu gün elə bir şərait yaradılmalıdır ki, iranlıların Naxçıvana giriş-çıxışı bir qədər sadələşdirilmiş olsun"


A.Allahverənov qeyd edib ki, viza rejiminin ləğvi Naxçıvanla-İran arasında miqrasiya proseslərini intensivləşdirən bir qərardır:

“Digər tərəfdən bu qərar digər sahələrdə də özünü göstərə bilər. Məsələn, iqtisadi əlaqələrin bir qədər genişləndirilməsində müsbət rol oynaya bilər. Söhbət əlverişli mühitin yaradılmasından gedir. Bir neçə il bundan öncə Azərbaycanla İran arasında sadələdirilmiş viza rejimi tətbiq olunurdu. Təbii ki, bu da sərhədyanı bölgələrdə yaşayan insanların müxtəlif sahələrdə geniş əlaqələrin qurulmasına imkan yaradırdı. Xüsusilə sərhədyanı bölgədə ticari əlaqələrin genişlənməsinə xidmət edən bir rejim idi. Amma sonra bu ləğv olundu. İndi yenidən Naxçıvanda 15 günlük vizalar ləğv olunursa bu vaxtilə mövcud olan sistemin davamıdır. Düşünürəm ki, İranda yaşayan şəxslər üçün bu amil maraqlı ola bilər. Çünki intensivlik və rahatçılıq baxımından çox lazımlı bir qərardır”.