Azərbaycanda yeni dərman zavodu açılacaq - TARİX məlumdur

Pirallahı Sənaye Parkında qeydiyyatdan keçmiş Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm” Məhdud Məsuliyyətli Cəmiyyətinin dərman vasitələrinin istehsalı zavodunun nə zaman açılacağı məlum olub.

Lent.az xəbər verir ki, Pirallahıda olan dərman zavodu dekabrın 9-da açılacaq. Layihə üçün cəmi 80 milyon dollara yaxın investisiya planlaşdırılır. Bu barədə baş nazirin müavini Şahin Mustafayev vestikavkaza.ru saytına verdiyi müsahibədə deyib.

Qeyd edək ki, ümumillikdə sənaye parkında qeydiyyatdan keçən Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm” və Azərbaycan-İran birgə müəssisəsi olan "Caspian Pharmed” Qapalı Səhmdar Cəmiyyətinin dərman istehsalı zavodlarında əsasən ağrıkəsicilər, iltihab əleyhinə, antibiotik, antihistamin, kardioloji, antidepresant, antiepileptik dərmanların istehsalı planlaşdırılır.

Pirallahı Sənaye parkında qeydiyyatdan keçmiş müəssisələrin mövcud layihələri üzrə xroniki xəstələr üçün hormonların, o cümlədən insulinin istehsalı nəzərdə tutulmur.

Qeyd edək ki, Azərbaycanda əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin təklifləri əsasında Azərbaycan Prezidenti tərəfindən "Pirallahı Sənaye Parkının yaradılması haqqında” 2016-cı ildə Sərəncam imzalanıb. 30 hektar ərazidə yaradılmış sənaye parkında sahibkarlar üçün zəruri infrastruktur xidmətləri və digər xidmətlər göstərilir.

Hazırda Pirallahı Sənaye Parkında 5 müəssisə rezident kimi qeydiyyatdan keçib.