Polisin yeni geyim forması müsbət qarşılanıb


Nazirlik daha çox Türkiyə praktikasına üstünlük verib və bir az da müxtəlif çalarlar əlavə edib



Polis əməkdaşlarının yeni geyim forması ictimaiyyətdə maraqla qarşılanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov yeni formaya keçidin hansı zərurətdən irəli gəlməsinə aydınlıq gətirib. Qurum rəsmisinin sözlərinə görə, yeni formanın tətbiqi Prezidentin daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür:

“Yeni formalar müasirliyindən və yüksək keyfiyyətindən əlavə həm də bayır xidmətində olan əməkdaşlarımızın təhlükəsizliyi baxımından da önəmlidir. Belə ki, gecə vaxtı bu formalar həm də işıq əksetdirmə qabiliyyətinə malikdir. Yaxın vaxtlarda bayır xidmətində olan digər polis əməkdaşları da bu forma ilə təmin ediləcək”. 


“Formaların özəllikləri ondan ibarətdir ki, sağ və soldan, ön və arxa tərəfdən çox rahat şəkildə diqqəti cəlb edir”


“Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Şərq”ə açıqlamasında bildirib ki, yol polislərinin yeni uniformaya keçməsi zərurətdən irəli gəlir. 

Ekspertin sözlərinə görə, polislərin sovetdən qalma formaya bənzər geyimləri öz müasirliyini və estetikliyini itirir: “Ən əsası isə odur ki, köhnə geyimlərin üzərində işıq qaytarıcı effektlər çox deyildi. Daxili İşlər Nazirliyi daim bu istiqamətdə müşahidələr aparırdı. Keçən ilin yayında başqa bir formaya keçid olunmuşdu. Ancaq tünd qara geyim yaxşı görünmürdü. Həm də yay aylarında, qızmar istilərdə bütün günü yollarda olan polis əməkdaşları qara rəngdən əziyyət çəkirdilər. Yeni formanı tətbiq etmək üçün nazirlik bir çox xarici ölkənin təcrübəsini öyrənib. Müşahidəmə əsasən deyə bilərəm ki, nazirlik daha çox Türkiyə praktikasına üstünlük verib və bir az da müxtəlif çalarlar əlavə edib. Nəticədə mükəmməl görkəmdə formalar yaranıb”. 

E.Muradlının sözlərinə görə, formaların özəllikləri ondan ibarətdir ki, sağ və soldan, ön və arxa tərəfdən çox rahat şəkildə diqqəti cəlb edir:

“Nəzərə almaq lazımdır ki, yol polisləri sadəcə gündüz vaxtları yox, gecə də xidmət aparırlar və təhlükələrə məruz qalırlar. Dəfələrlə olub ki, polis əməkdaşını yolda maşın vurub, müxtəlif qəza halları baş verib. Polis insanlarda qorxu hissi yox, əksinə, xoş təəssürat yaratmalıdır. Sosial şəbəkələrdən görünür ki, əhalinin yeni polis formalarına rəğbəti yüksəkdir. Ona görə də yeni formanın həm estetik cəhətdən gözəl olması, həm də diqqət çəkiciliyi olduqca vacibdir. Bəzi hallarda sürücü polisin “saxla” əmrinə tabe olmur və iddia edir ki, gecə olduğu üçün yol polisinin xəbərdarlığını görməyib. Yeni forma bu tipli problemləri də aradan qaldıracaq”.