Musa Quliyev:“Vətən sağlam vətəndaşı ilə, vətəndaş isə öz dövlətinin lideri ilə güclüdür”
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə giriş nitqi söyləyib. Prezident bunları qeyd edib:
“Keçən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında böyük zəlzələ baş vermişdi. Xoşbəxtlikdən heç bir insan itkisi olmamışdır. Ancaq minlərlə ev dağıntıya məruz qaldı. Zəlzələdən dərhal sonra bölgədə olarkən vətəndaşlara söz verdim ki, qış gələnə qədər bütün evlər yenidən tikiləcək, təmir olunacaq, bərpa ediləcək. Həmişə olduğu kimi, yenə də sözümüzün üstündə durduq və artıq zəlzələnin bütün əsas fəsadları aradan qaldırıldı, minlərlə yeni ev tikildi, təmir olundu, bərpa edildi. Bu, bir daha onu göstərir ki, vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir”.
Millət vəkili Musa Quliyev “Sherg.az”a bildirib ki, hər bir dövlət rəhbərinin ən mühüm keyfiyyətlərindən biri onun zamanında düzgün qərar qəbul etmək qabiliyyətidir. Parlamentarinin sözlərinə görə Prezident İlham Əliyev də həmişə hadisələrə vaxtında və düzgün qiymət verib:
“Cənab prezidentin o vaxt hadisə zamanı Şamaxıya səfərinin həm də çox böyük mənəvi-psixoloji əhəmiyyəti var idi. O bölgənin hər bir sakini, bütövlükdə Azərbaycan vətəndaşları gördülər ki, dar məqamda da, xoş gündə də ölkə başçısı onların yanındadır. Dövlətin, rəhbərinin hər cür qayğısı ilə əhatə olunublar”.
Şamaxı, Ağsu, İsmayıllı rayonlarında baş verən zəlzələ nəticəsində zərər dəyən evlərin təmiri dövlət tərəfindən həyata keçirildi. Ölkə başçısı hadisəyə olduqca çevik qiymət verdi.T əbii fəlakətin nəticələrinin aradan qaldırılması, zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün 2 milyon manat vəsait ayırdı. Ağsu, Şamaxı və İsmayıllı rayonlarında vətəndaşların bütün sosial problemləri ilə maraqlanıldı. Bundan öncəki dönəmdə istər Zaqatala-Balakən bölgəsində zəlzələ olanda, istərsə də Kür çayının daşması nəticəsində Mil-Muğan bölgəsindəki bir sıra yaşayış məntəqələrinə xəsarət dəyəndə dövlətin və ölkə rəhbərinin qayğısı və diqqəti olub. Bunlar hamısı Azərbaycan prezidentinin öz vətəndaşlarının sosial müdafiəsinin keşiyində durmasının ifadəsidir. Vətən sağlam vətəndaşı ilə, vətəndaş isə öz dövlətinin lideri ilə güclüdür”.