Prezident İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edib. Dövlət başçısı şəhər nəqliyyatının inkişafına böyük əhəmiyyət verildiyini vurğulayıb. Ölkə rəhbəri bu il Bakı şəhərinə əlavə 300 müasir avtobus gətiriləcəyini və bundan sonra da bu istiqamətdə işlərin görüləcəyini söyləyib:
“Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni, təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə. Bu, eyni zamanda, avtobus nəqliyyatına da aiddir. Çünki hazırda Bakı və Sumqayıt şəhərlərində avtobusla sərnişin daşımaları müasir standartlara uyğundur. O da hər yerdə deyil. Hələ də Bakı şəhərində keyfiyyəti yüksək olmayan və istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir. Bu məqsədlə biz hər il ölkəmizə 300 avtobus gətizdiririk. Mənə verilən məlumata görə, Gəncə şəhərində avtobus təsərrüfatı köhnəlib. Digər şəhərlərdə nə qədər avtobus fəaliyyətdədir, nə qədər avtobus alınmalıdır? Əlbəttə ki, ilk növbədə, paytaxt Bakının bu məsələsi həll olunmalıdır. Amma digər şəhərlər də diqqətdən kənarda qalmamalıdır”.
Fərhad Eyyubov: "Sahibkarlar bu işin incəliklərini bilmədiklərinə görə, bir sıra problemlər ortaya çıxdı"
Dövlət başçısının diqqət çəkdiyi məsələni “Şərq”ə dəyərləndirən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib ki, nəqliyyatın idarəetmə sistemi elmi əsaslarla həyata keçirilməlidir.
Ekspert bildirib ki, nəqliyyat vasitələrinin, sərnişin daşımalarının idarə edilməsi maddi kadr və müəyyən informativ resursları olmalıdır:
“Bu resurslar olmadan keyfiyyətli iş görmək mümkün deyil. Bütün məsələlər kompleks şəkildə həll edilməlidir. Nəqliyyat vasitələrinin standartlara uyğunluğu, idarəetmə mexanizminin yüksək olması, sərnişinlərin münasibəti və s. məsələlər qarşılıqlı şəkildə bir-birini tamamlamalıdır. Prezidentin bu məsələyə diqqət yönəltməsi çox mühümdür. Dövlət başçısı nəqliyyat işinin incəliklərini həmin sahə ilə məşğul olanlardan daha yaxşı bilir. Təəssüflər olsun ki, bu sahədə problemlər uzun müddət həll olunmayıb. Əvvəllər Nəqliyyat Nazirliyi sərnişin daşımaya ümumi şəkildə nəzarət edirdi. Sonrakı dönəmdə sərnişin marşrutları ayrı-ayrı sahibkarlara paylanıldı. Sahibkarlar bu işin incəliklərini bilmədiklərinə görə, bir sıra problemlər ortaya çıxdı”.
F.Eyyubovun sözlərinə görə, sərnişin daşımalarının həm kəmiyyət, həm də keyfiyyət qiymətləndirməsi meyarları var:
“Hazırda rayonlarda müşahidə etdiyimiz kəmiyyət qiymətləndirməsidir. Yəni sakinlər yolda qalmasın deyə onları istənilən vasitələrlə gedəcəkləri yerə daşıyırlar. Burada daşımanın keyfiyyəti o qədər də mühüm rol oynamır və nəqliyyat vasitələri çox köhnə olur. Əksər rayonlarda sərnişin daşımalarının keyfiyyətinin yüksəldilməsinə önəm verilmir. Yəni sərnişin normal halda evdən işə yarım saata gedə biləcəyi halda, nəqliyyat vasitələri ilə bağlı problemlərdən dolayı bir saata gedib çıxır. Bu vəziyyət də keyfiyyət meyarına təsir göstərir. Nəhayət müntəzəmlik məsələsi də mühüm rol oynayır. Nəqliyyat vasitələrinin hər reysdə müntəzəmlik əmsalı var. Avtobus vaxtlı-vaxtında marşrut xətti üzərindəki məntəqələrdən keçməlidir. Rayonlarda bu göstəricilər də çox aşağı səviyyədədir. Ona görə də Prezident haqlı olaraq bu məqamlarla bağlı iradını bildirdi və tapşırıqlar verdi”.
Mütəxəssisin sözlərinə görə, nəqliyyatla bağlı problemləri qısa zamanda həll etmək çətindir:
“Nəqliyyat sistemini mərhələli şəkildə, köhnə vasitələrin zamanla yeniləri ilə əvəz edilməsi ilə düzəltmək mümkündür. Sürücülərin mədəni səviyyəsini və peşəkarlığını da artırmaq lazımdır. Yol-hərəkət istifadəçilərinin davranış qaydaları tənzimlənməlidir. Bəzi sərnişinlər həddindən artıq kobud və səhlənkar addımlar atırlar. Bunlar ümumi formada işin keyfiyyətinə təsir göstərir. Ona görə də koordinasiyalı şəkildə bütün sistemə nəzarət etmək vacibdir. Bu sahəni başlı-başına buraxmaq olmaz. Bakı Nəqliyyat Agentliyi yalnız Bakı şəhərindəki vəziyyətə nəzarət edə bilir. Heç şəhər ətrafına işləyən özəl marşrutlara nəzarət edə bilmir. Özəl sərnişin daşımaları maddi səbəblərdən müasir standartlara cavab verən nəqliyyat vasitələrindən istifadə etmirlər. Köhnə nəqliyyat vasitələri ilə keyfiyyətli xidmət göstərmək isə mümkün deyil. Bakıda taksi daşımaları da çox bərbad vəziyyətdədir. Taksi daşımaları da elmi əsaslarla işlənməlidir”.