Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat Şöbəsinin baş mütəxəssisi Nizami Fərəcov yanğınsöndürən maşınların yanğın zamanı hadisə yerinə yaxınlaşmaqda çətinlik çəkməsindən danışıb:
"Yanğınsöndürən maşınlar binalara yaxınlaşa bilmir. Tıxacları bilirsiniz, bir də adamların harada gəldi, şlaqbaumlar quraşdırması, zəncirlərin olması, yerə metal pilətələr quraşdırılması və s. yanğınsöndürən maşınlara mane olur. Bunlar azmış kimi, nəqliyyat vasitələri də harada gəldi, park edilir".
Bakıda nəqliyyat probleminin günü-gündən dərinləşdiyini deyən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov şəhərdə intensivliyin artdığını deyib.
Tikinti meydançalarının sayı artır, yollar daralır, alternativ yol yoxdur, yanğınsöndürən maşınlar neyləsin?
Tikinti meydançalarının sayı artır, yollar daralır, alternativ yol yoxdur. Amma məsələni belə qoymaq olmaz, mütləq şəkildə bir həll yolu tapmaq lazımdır. FHN-in yanğınsöndürən maşınlarının binalara yaxınlaşa bilməməsinə gəldikdə isə F.Eyyubov deyib ki, 2019-2023-cü illər üçün yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramında bu problemin həlli nəzərdə tutulub:
"Həmçinin də Təcili yardım maşınlarının çağırılan ünvana maneəsiz çatması üçün zəruri addımlar atılacaq. Amma icra mexanizmi necə olacaq, bu barədə konkret söz deyə bilmərəm. Nizami Fərəcov haqlı olaraq tıxac, şlaqbaum və parklama məsələsini qabardıb. Bunları aradan qaldırmaq üçün də mərkəzləşdirilmiş qaydada idarə etmək çox çətindir. Magistral yollarda intensivliyi azaltmaq üçün müəyyən addımlar atılır. Amma ara yollardakı mövcud problemləri idarə etmək çox çətindir. Bakı köhnə şəhər olduğundan yol infrastrukturunu müasir standartlara uyğunlaşdırmaq xeyli qəliz məsələdir. Hətta ildən-ilə yollarımızda vəziyyət daha da gərginləşəcək. Hündürmərtəbəli binaların sayı artdıqca avtomobillərin parklanması vəziyyəti daha da çətinləşdirəcək".