Koronavirus insandan heyvana yoluxur? – İZAH


“Konkret bir  məlumat olmadığı üçün belə bir  iddia irəli sürmək absurddur”

“Amma yaxşı olar ki, evində heyvan saxlayan şəxslərə onlara toxunduqdan sonra əllərini yumağı,  evlərini təmiz saxlamağı  unutmasınlar. Xəstə insanlara isə heyvanlara yaxınlaşmaq məsləhət görülmür"


Çinin Honkonq şəhərində həkimlər uzun məsləhətləşmədən sonra ev itinin “COVID-19”a yoluxmasını koronavirusun insandan heyvana keçməsi faktı kimi dəyərləndiriblər. Fevralın sonunda Honkonqda bir kişini koronavirusa yoluxma şübhəsi ilə karantinə aparıblar. Onun itini də “COVID-19” testi ilə yoxlayarkən heyvanın orqanizmində infeksiyanın izləri aşkarlanıb. Buna baxmayaraq itdə xəstəliyin heç bir əlaməti özünü büruzə verməyib. Hazırda iti Honkonq limanında karantində saxlayırlar. Onun sahibinin test nəticələri mənfi olarsa, o zaman iti evə qaytaracaqlar. 

Baytar -həkim  İlkin  Məmmədov "Sherg.az"a açıqlamasında evdə saxlanılan it, pişik kimi ev heyvanlarının yeni koronavirus infeksiyası daşımasının inandırıcı olmadığını deyib:

 "Düzdü bu virusun insanlara heyvanlardan keçdiyi təsdiqlənib. Amma söhbət ev heyvanlarından yox, dəniz məhsullarından və  vəhşi heyvanlardan gedir. 

Bunun qarşısını almaq üçün də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xaricdən ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması qərarını verib.

Ev heyvanlarının  “COVID-19”un yoluxma mənbəyi olması, yaxud özlərinin bu xəstəliyə tutulması barədə  nə Azərbaycan, nə də dünya səhiyyəsində konkret bir  məlumat yoxdur.

Ona görə də belə bir  iddia irəli sürmək absurddur. Amma yaxşı olar ki,  evində heyvan saxlayan şəxslərə onlara toxunduqdan sonra əllərini sabunlamağı, heyvanları öpməməyi və evlərini təmiz saxlamağı  unutmasınlar. Xəstə insanlara isə heyvanlara yaxınlaşmaq məsləhət görülmür".