“Müharibə uşaqlarının reabilitasiyası vacibdir” 


Azad İsazadə: “Onlar psixoloji travma, postdramatik sindrom yaşayırlar” 

“Həmin uşaqların psixoloji müayinədən keçəndən sonra reabilitasiya məsələsi həll olunmalıdır” 



İraq rəhbərliyi  İŞİD tərkibində döyüşən azərbaycanlıların övladlarını Bakıya göndərib. İraq Xarici İşlər Nazirliyinin sözçüsü Ahmet es-Sahhaf yazılı açıqlamasında bildirib. Açıqlamada deyilir ki, İraqda İŞİD üzvlüyünə görə məhkum edilmiş, həbsxanada anaları ilə birlikdə qalan 82 uşaq Azərbaycana göndərilib.

Uşaqların bundan sonrakı aqibəti barədə "Sherg.az"a danışan psixoloq Azad İsazadənin sözlərinə görə, bu uşaqlar psixoloji müayinədən keçəndən sonra onların reabilitasiya məsələsi həll olunmalıdır:

 "Müharibə görən uşaqlar istər- istəməz psixoloji travma  alır, postdramatik sindrom yaşayırlar. Onların sivil cəmiyyətə  adaptasiyası mühüm məsələdir.  Ümumiyyətlə, psixologiyada "uşaq aləmi" deyilən bir anlayış var. Müharibə görən uşaqlar isə uşaqlara  xas  həyatı yaşamırlar.  "Uşaq aləmi"nə görə uşaqların əsas işi  oynamaqdır. İkinci  işi bilik öyrənmək, üçüncüsü isə düzgün qidalanıb sağlam formalaşmaqdır. Ekstremal həyat tərzi yaşayan uşaqlar  bu cür həyat tərzindən məhrum böyüyür. Psixoloji reabilitasiyanın məqsədi isə  həmin uşaqlara onlara xas həyat tərzini bərpa  etməkdir. Bu prosesi kimlər necə aparacaq o artıq sonrakı məsələdir. Hər psixoloqun özünün fərqli elmi və texniki yanaşması  olur. Qarabağ müharibəsi zamanı biz qaçqın və  məcburi köçkün  düşərgələrində uşaqların reabilitasiyasını aparmışıq. 4-5 illik uzun bir müddət ərzində müəyyən nailiyyətlər əldə etmişdik. Düşünürəm ki, düzgün aparılan reabilitasiya tədbirləri ilə həmin uşaqların adaptasiyasına nail olmaq mümkündür".