Evlərdə, təhsil alanların əllərində olan smartfonlarda internet trafikinə ehtiyac artıb
Millət vəkili Naqif Həmzəyev koronavirus təhlükəsi ilə əlaqədar internet tariflərində güzəşt olunmasını təklif edib.
Deputat açıqlamasında tətil günlərində provayderlərin gücləndirilmiş iş rejimində işləməsi təklifini irəli sürüb:
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrindən sonra dövlətimiz tərəfindən vaxtında və düzgün qərarlar verildi və bu virusla əlaqədar əhalini qorumaq məqsədilə müəyyən qadağalar tətbiq olundu. Əhali, xüsusilə də müəllim və şagirdlər daha çox vaxtını evdə keçirirlər və onlar təbii ki, yalnız televiziya verilişləri ilə kifayətlənmirlər. Vətəndaşlarımızın əksəriyyəti internetdən istifadə edir, internet resurslardan faydalanırlar. Ancaq ən çox əhalinin qarşılaşdığı problem internetin sürəti və keyfiyyəti ilə bağlıdır.
Bu da təbii ki, aydın məsələdir, internetdən bu qədər yükləmə və istifadə olmamışdı. Qarşıdan da Novruz tətili gəlir. Böyük ehtimalla bizim provayderlərin əməkdaşları tətildə olacaqlar. Ona görə təklif edirəm, internet provayderlər bu müddət ərzində ən azı, aprelin əvvəlinədək gücləndirilmiş iş rejimində işləsinlər. Bundan başqa, tətil günlərində növbətçi işçilərin sayını artırsınlar. Çünki böyük ehtimalla müraciətlər daha çox olacaq, müəyyən problemlərlə qarşılşacağıq.
Çox istərdim ki, internet provayderlər sürət və trafiklə bağlı müəyyən güzəştlər etsinlər. Bu həm vətəndaşlarımız tərəfindən müsbət qarşılanar, həm də 2 həftə müddətində əhali evdə vaxtını rahat keçirə bilər”.
.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq"ə açıqlamasında millət vəkilinin təklifinin kifayət qədər faydalı olduğunu düşünür. O.Gündüz son zamanlar internetə tələbatın və trafikin artdığını deyib: "Koronavirusla bağlı ölkədə karantin rejimi elan olunduğundan insanlar hər dəqiqə internetə girib son məlumatları əldə edirlər. Məktəblərdə dərslər dayandırıldığına görə də, şagirdlər və tələbələr təhsil xidmətlərini internet üzərindən almağa çalışırlar. Evlərdə, təhsil alanların əllərində olan smartfonlarda internet trafikinə ehtiyac artıb. İndi şagirdlər, evdəkilər daha böyük pul xərcləməyə məcburdurlar. O pulu kim ödəyəcək?! Bəzi iş yerlərində müəyyən məhdudiyyətlər olduğundan əməkhaqları ilə bağlı da ciddi problemlər yaranacaq. Hesab edirəm ki, bütün bunları nəzərə alaraq dövlət provayderləri güzəştlər tətbiq etməli, hətta əhalini pulsuz internetlə təmin etməlidir. Çünki Azərbaycanda internet bazarının 60-65 faizi dövlət provayderlərinin nəzarətindədir. Dövlət provayderləri ən azından koronavirusla bağlı yaranmış vəziyyətdə tələbələrin, şagirdlərin internetə olan tələbatını ödəmək üçün provayderlərə satılan internetə güzəştlər etsinlər".