“Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur”
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva parlamentin plenar iclasında cəmiyyəti narahat edən bir sıra problemləri qaldırıb və müvafiq qurumlara müraciətlər edib. Millət vəkili Bakı şəhərinin müxtəlif ərazilərində, Abşeron rayonunda özbaşına tikilən, lakin dövlət qeydiyyatına alınmayan evlər üzərində hüquqların dövlət qeydiyyatı probleminin hələ də öz həllini tapmadığını bildirib. Deputat hesab edir ki, sözügedən problem minlərlə vətəndaşın müxtəlif çətinliklərlə üzləşməsinə səbəb olmaqdadır.
İqtisadçı deputat Vüqar Bayramov isə hesab edir ki, sənədsiz evlərin rəsmiləşdirilməsi prosesi o qədər də çətin deyil. Bunun üçün simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır:
“Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır".
Ölkə üzrə sənədsiz evlərin sayının 550 mindən çox olduğunu vurğulayan deputatın sözlərinə görə, həmin evlər də sənədləşdirilmədiyi üçün onların invertar dəyərinin hesablanmasında çətinliklər mövcuddur:
Bu da həmin evlərin həm vergiyə cəlb edilməsində, həm də bütövlükdə mülkiyyət hüququnun tanınması ilə bağlı çətinliklər yaradır.
3 ildir sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya üzərində iş gedir, amma hələlik bu konsepsiya tam olaraq işlənilib təqdim olunmayıb. Ona görə də məlum istiqamətdə də fəaliyyətlərin genişləndirilməsinə və xüsusən də sənədsiz evlərin daha optimal zamanda sənədləşdirilməsinin həyata keçirilməsinə ehtiyac var".