Ağsaqqaldan Prezidentə məktub: “İnsanlara verdiyiniz dəyər qəlbimdə böyük qürur hissi yaradıb”


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov dövlət rəhbərinə yazır:  

 “Çox hörmətli cənab Prezident, Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, qayğıkeşliyi, humanistliyi ilə örnək olan Sizin kimi Prezidenti var. Mən bir neçə dəfə Sizin ictimaiyyət nümayəndələri ilə görüşünüzdə olmuşam. Sizin qayğıkeşliyiniz, sadəliyiniz, insanlara verdiyiniz yüksək dəyər qəlbimdə böyük qürur hissi yaradıb. Bu gün dünyanı bürüyən koronavirus pandemiyası respublikamızdan da yan keçməyib. Hər gün dünyada yüzlərlə insan bu pandemiyanın qurbanı olur. Koronavirus pandemiyasına qarşı gördüyünüz qabaqlayıcı tədbirlər xalqımızı bu bəladan xilas etməkdədir. Karantin rejimi dövründə işləməyənlərə birdəfəlik yardımların verilməsi Sizin xalqımıza göstərdiyiniz qayğının növbəti nümunəsidir. Hörmətli cənab Prezident, Qubadlı rayonunun əhalisi Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və Sizin ətrafınızda sıx birləşib. Gördüyünüz işlərə görə rayonumuzun ağsaqqalları adından Sizə təşəkkürümü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Allah Sizi və ailənizi qorusun!”.