Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Hacıqabul rayonunun sakini Azər Əhmədli Prezidentə məktubunda bildirir:
“Hörmətli cənab Prezident, pandemiya qlobal bir problemdir, bütün dünya ölkələri bu problemi yaşayır, o cümlədən də bizim ölkəmiz bu bəla ilə qarşı-qarşıyadır.
Ancaq Sizin ölkəmizin inkişafı naminə apardığınız misilsiz siyasətinizin nəticəsidir ki, qabaqlayıcı tədbirlər vaxtında görüldüyü üçün Azərbaycanda bu virusa yoluxanların sayı gündən-günə azalmaqdadır.
Mən Qarabağ müharibəsi veteranının oğlu olaraq hər bir vətəndaşın probleminə həssas yanaşdığınıza, göstərdiyiniz diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Mən də dövlətimizin qayğısı ilə əhatə olunan vətəndaşlar sırasındayam və işsiz olduğum üçün 190 manat məbləğində birdəfəlik ödəmə aldım. Buna görə Sizə minnətdaram. Allah Sizi qorusun!”.