Kənd sakinindən dövlət rəhbərinə: “Siz xalqımıza dəstəksiniz, xalqımız da Sizə dəstəkdir”


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Qax rayonunun Əmircan kəndinin sakini Əli Seyidəliyev ölkə başçısına məktubunda qeyd edir: 

 “Hörmətli cənab Prezident, dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər təqdirəlayiqdir. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşıldığını göstərir. Bu müddət ərzində sosial işçi layihəsinin tətbiq edilməsi və mənim kimi minlərlə vətəndaşın işlə təmin olunması bizə göstərdiyiniz qayğının və diqqətin təcəssümüdür. Əziz Prezidentimiz, böyük bir bəla olan koronavirusun ölkəmizdə kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.