Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Goranboy rayonunun Qarqucaq kəndindən Alik Quliyev dövlət başçısına məktubunda vurğulayır:
“Çox hörmətli cənab Prezident, mən dəniz neftçiləri və Goranboy sakinləri adından Sizə minnətdarlığımı və təşəkkürümü bildirirəm. Son dövrlərdə Azərbaycanda sürətli inkişafın, neft və qeyri-neft sektorlarında ciddi irəliləyişin olduğu hamıya bəllidir. Bu inkişaf Sizin apardığınız siyasətin nəticəsidir. Biz goranboylular Sizin dəstəyinizi və qayğınızı hər zaman hiss edirik. Ölkəmizdə bütün sahələrdə, xüsusən də siyasi, iqtisadi, məhkəmə, hüquq, təhsil və səhiyyə sahələrində aparılan islahatlar bunun bariz nümunəsidir. Sizin dediyiniz kimi, Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdı. Bu gün güclü dövlət olmağımızın əsl səbəbi Sizsiniz, cənab Prezident! Goranboyda və ətraf rayonlarda da inkişafın şahidi oluruq. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də öz növbəmdə çətin neftçi peşəsini layiqincə yerinə yetirməyə çalışıram. Hazırda COVID-19 pandemiyasi ilə üz-üzəyik. Amma Sizin verdiyiniz qərarlar, atdığınız addımlar sübut edir ki, hər bir azərbaycanlı üçün ən doğru addım evdə qalmaq, öz sağlamlığını qorumaqdır”.