“Koronavirusa qarşı ehtiyatsız davranış narahatedicidir" 

"İnsanlar qaydalara riayət etməli və sağlamlıqlarını təhlükə altına atmamalıdırlar”



Xüsusi karantin rejimi mərhələlərlə yumşaldılmağa başlayıb.  Fərdi ticarət obyektləri, geyin mağazaları açılıb. Birinci gündən etivrən gözəllik salonları və bərbərxanalar da açılacaq.  Ötən həftədən  xüsusi icazənin vaxtı da  1 saat uzadılıb.
Karantinin yumşalmasından sonra  küçələrdə nəzərəçarpacaq canlanma var.  Sanki insanlar bu qərarı gözləyirmiş kimi küçələrə axın edib. Bu isə aidiyyatı şəxsləri narahat edir. Xüsusən də  həkimlər  xəbərdarlıq edir ki, karantin rejimi bitsə belə  özünütəcrid kampaniyaları davam etməlidir.   Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, distansiya saxlanması və s. məsələlərə, qaydalara riayət olunması zəruri hal kimi qeyd olunur. 
İctimaiyyət üzvləri də həkimlərlə həmrəy olub əhalini sosial izolyasiya və şəxsi gigiyena qaydalarına əməl etməyə çağırırlar. 



Politoloq Qabil Hüseynli də karantin rejiminin qaydalarının yumşaldılmasından sonra insanlar arasında məsələyə laqeyd yanaşma olmasından gileylənib:

"Küçədə tibbi maskasız, toplu şəkildə sosial məsafəni qorumadan gəzənlərin sayının artdığı müşahidə olunur. Bu laqeydlik, koronavirus təhlükəsinə qarşı bu cür ehtiyatsız davranış isə son dərəcə narahatedicidir".

Bu kimi  halların virusa yoluxmanın artması ilə nəticələnmə ehtimalına toxunan politoloq deyib ki, qətiyyən bu cür sərbəstliyə yol vermək olmaz: 
"İnsanlar qaydalara riayət etməli və sağlamlıqlarını təhlükə altına atmamalıdırlar. Koronavirusun yenidən peyda olmaması üçün Operativ Qərargahın tövsiyyələrinə və karantin rejiminin tələblərinə sonuna qədər əməl edilməlidir".