"Azərbaycan dünyada yüksək nüfuz sahibidir" - Millət vəkili 

“Bu da Prezident İlham Əliyevin böyük lider olması ilə bir başa bağlıdır”


Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü qlobal pandemiyaya - koronavirus xəstəliyinə qarşı mübarizəyə həsr olunub.

Sözügedən görüşü şərh edən millət vəkili Azər Badamov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında beynəlxaq arenada davamlı şəkildə ilklərə imza atmaqdadır: 



"Ümumiyyətlə, videokonfrans formatında beynəlxalq təşkilatların toplantılarının müəllifi İlham Əliyevdir. Avropa Yenidən Qurma və İnkişaf  Bankının rəhbərliyi ilə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşləri dünyanı koronavirus pandemiyası bürüdüyü vaxtda qlobal mübarizənin təşkilində dünya üçün ən vacib təşəbbüsümüzdür. 

Dünyanı pandemiyadan təkbaşına qurtarmaq mümükün deyil. Ona görə də bütün ölkələr bu məsələdə  həmrəylik göstərməli, çətinlik çəkən ölkələrə digərləri öz iqtisadi imkanları daxilində yardımlar edilməlidir. Azərbayacan bu prosesdə yenə öndədir. Koronavirus pandemiya elan olunanda Azərbaycan ÜST-ə 5 milyon dollar ianə etmişdi.

Zirvə görüşündən sonra da Qoşulmama Hərəkatının üzvü olan və yardıma ehtiyacı olan ölkələrə də  yardımlar edilməsi üçün ÜST-ə yenidən 5 milyon dollar ianə etməklə nümunə göstərdi". 

Deputat hesab edir ki, Azərbaycan çox böyük ölkə olmasa da, fərqli baxışlarına malik müxtəlif qitələrdə yerləşmiş ölkələri bir araya, dialoqa, ümumi qərarların qəbuluna dəvət edə bilir:
“Bu ölkəmizin dünyada artan nüfuzun göstəricisidir. Təbii ki, Azərbaycanın dünyada yüksək nüfuz sahibi olması İlham Əliyevin böyük lider olması ilə bir başa bağlıdır”.