“Zirvə görüşü dünyada Azərbaycan liderinə olan etimadın göstəricisidir”




Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında kommunikasiya qurur, körpü yaradır. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi bunun növbəti sübutudur.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov ölkəmizin etimadı hər zaman doğrultduğunu bildirib: 

"Bu gün dünyanı narahat edən əsas məsələ  COVİD- 19 pandemiyası olduğu üçün Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar Qoşulmama Hərəkatına daxil olan ölkələrin rəhbərliyi,  Ümumdünya Səhiyyə Təşkilatı və digər nüfuzlu təşkilatlar tərəfindən təqdir olunur. Bu isə Azərbaycanın bu gün Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, dünya ölkələri arasında da əsas nüfuz sahibi olmasının bariz nümunəsidir.  Məhz bu baxımdan pandemiyaya qarşı mübarizə istiqamətində Azərbaycanın atdığı addımlar dünyanın diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir”.


“Azərbaycan Prezidenti qlobal əməkdaşlıq sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi"
R.Qonaqov onu da əlavə edib ki, Zirvə görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir:

“Bilirsiniz ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilmədilər.  Prezident İlham Əliyev isə  “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi"