“Yaxşı oldu ki, DTX keçirdiyi əməliyyatın görüntülərini ictimaiyyətə təqdim etdi. Bəlkə, bundan sonra məmurlar düzgün nəticə çıxararlar"
Azərbaycanda uzun illərdir korrupsiya və rüşvətxorluğa qarşı sistemli mübarizə aparılır. Bu istiqamətdə bir çox dövlət proqramları qəbul olunub, qanunvericilik bazası və bəzi regional təsisatlar yaradılıb.Cənab Prezident bu islahatlara şəxsən nəzarət edir. Prezident öz çıxışlarında hər zaman bir məqamı vurğulayır ki, biz vətəndaşa ən yaxşı xidməti təqdim etməliyik ki, insanlarımız narazı qalmasın.
Təəssüf ki, bəzi məmurlar ölkə başçısının xəbərdarlığına əməl etmir. Azərbaycanda korrupsiyaya və rüvşətxorluğa qarşı aparılan mübarizəni yüksək dəyərləndirən ictimaiyyət üzvlərinin fikrincə rüşvət alan məmurlara qarşı sərt cəzalar tətbiq edilməlidir ki, onların çəkdiyi cəzanı görüb başqaları da belə əməllərdən çəkinsinlər.
Korrupsiyaya yol verən məmurlara qarşı aparılan mübarizənin eyni formada davam etdirilməsini zəruri hesab edən hüquqşünas Əkrəm Həsənov “Sherg.az”a rayon icra hakimiyyətlərinin əksəriyyətinin rüşvət alıb, dövlət tərəfindən ayrılan pulları da mənimsədiklərini deyib:
"Korrupsiyaya yol verən icra başçılarına qarşı mübarizə çox yaxşı haldır. Bundan sonra da korrupsiya ilə məşğul olan məmurlara qarşı mübarizənin daha sərt şəkildə davam edəcəyinə ümid edirəm. Artıq Azərbaycanda yeni dövr başlayır və bu mərhələdə korrupsiyaya, rüşvətxorluğa yol verən, vətəndaşları, sahibkarları incidən məmurlar həbs olunacaq.
Bu, həm hazırkı icra başçılarına, həm də sabiq icra başçılarına aiddir. Çünki hər kəs qanun qarşısında cavabdehdir. Çox yaxşı oldu ki, Dövlət Təhlükəsizliyi Xidməti keçirdiyi əməliyyatın görüntülərini ictimaiyyətə təqdim etdi. Bəlkə, bundan sonra məmurlar düzgün nəticə çıxararlar".
Hüquqşünasın fikrincə korrupsioner icra başçının həbs olunması orada sahibkarlığın inkişafına da yol açacaq.