Prezidentə təşəkkür: “Siz daim xalqa diqqət və qayğı göstərirsiniz”

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Lənkəran rayonunun Kərgəlan kəndindən Cümşüd Kərəmov ölkə başçısına məktubunda vurğulayır: 
“Möhtərəm cənab Prezident, Siz daim Azərbaycan xalqının yanındasınız, ona diqqət və qayğı göstərirsiniz. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının vaxtında alınması üçün gördüyünüz tədbirləri alqışlayır, sağlamlığımızın qorunması üçün verdiyiniz tövsiyələri yüksək dəyərləndiririk. Bu ağır günlərdə xalqımızın sağlamlığını, onun rifahını hər şeydən üstün tutduğunuza görə Sizə minnətdarlığımızı bildirir, “Çox sağ olun!” deyirik. Allahdan Sizə dünyada ən gözəl nemət olan cansağlığı diləyirik. Allah Sizi qorusun!”.