Deputat məmurların gəlir deklarasiyasını verməsini təklif edir

“Pandemiya dövründə bəzi utancverici hadisələr olub. Bu da YAP üzvü olaraq onları narahat edir”
“Sherg.az” xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev Parlamentin bugün keçirilən plenar iclasında deyib. 
Deputat bildirib ki, bəzi məmurlar vəzifə səlahiyyətindən sui-istifadə edərək korrupsiya və rüşvətə qurşanıb: 

“Ona görə də belə bir halın qarşısının alınması üçün məmurların gəlirlərinin deklarasiyasını tətbiq edilməsini təklif etmək istəyirəm. Bununla bağlı qanun olsa da, bu məsələ hələ də öz həllini tapmayıb”. 

Parlament üzvü əlavə edib ki, bəlkə biz deputatlar ilk bunu edək, başqalarına da nümunə olaq: 

“Xalqımızın vəsaitinə heç bir məmurun haqqı çatıb göz dikməsin. Əgər belə olarsa, hüquq-mühafizə orqanları bu məsələyə daha yaxşı diqqət edər. Düşünürəm ki, onda rüşvətxorluğa qarşı daha yaxşı mübarizə apara bilərik”.