Saatlıda öz qardaşına narkotik satan şəxs saxlanıldı



Saatlı sakinindən külli miqdarda narkotik maddə götürülüb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə rayon sakini, əvvəllər məhkum edilmiş Adəm Zeynalov öz qardaşına 10 manat müqabilində heroin satarkən saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 1 büküm heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə A. Zeynalovun yaşadığı ünvana baxış keçirilən zaman oradan polietilen torbada təmiz çəkisi 3 kiloqram 570 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.