“Azərbaycanda sosial təminat sistemi gücləndirilir”

"Bir çox keçmiş sovet ölkələri kimi Azərbaycan da “Bazar iqtisadiyyatı” modeli ilə “Sosial rifah dövləti” modeli arasında qalan ölkələrdəndir".

Bu sözləri "Sherg.az"a Beynəlxalq idarəetmə standartları üzrə ekspert, iqtisadçı Asif İbrahimov deyib. 

Ekspertin sözlərinə görə, bazar iqtisadiyyatı dedikdə biz, dövlətin müdaxilə etmədiyi iqtisadi mühit nəzərdə tuturuq. Bazar iqtisadiyyatında bizneslər inkişaf edir,yeni iş yerləri açılır,açılmış yeni iş yerlərinin hesabına insanlar əməyinin qarşılığında yüksək əmək haqqı alır: 

"Hətta əlil insanlar belə, sağlamlığının imkan verdiyi işlərdə əmək fəaliyyətinə cəlb edilir.Əmək qabliyyətini itirmiş vətəndaşların isə sosial təminatı ödənilmiş vergilər hesabına həyata keçirilir. Təhsil, səhiyyə və bir çox digər sahələr dövlətin müdaxiləsi olmadan yüksək əmək haqqı alan vətəndaşın hesabına inkişaf edir. Sosial rifah dövlətində isə adətən dövlət insanlara ev tikir,  iş yerləri açır və digər sosial təminatlarını ödəyir kimi yanaşma mövcuddur. Bu modelə görə dövlət vətəndaşların firavan həyat şəraitinin yaradılmasında əsas məsuliyyət daşıyan qurumdur.  Bunun isə  obyektiv səbəbləri var. İkinci dünya müharibəsindən sonra iki yerə bölünmüş Almaniya nümunəsində izah edək. Bir tərəfdə sənayesi gündən- günə inkişaf edən,insanların məvacibi yüksək AFR,digər tərəfdə isə məvacibini,mənzilini,maşınını dövlətdən alan sosialist ADR. İndinin özündə  belə, Almaniyanın sosial cəhətdən ən yaxşı təmin edilmiş əhalisi keçmiş AFR-də, işsizlikdə müavinət gözləyən əhalisi isə keçmiş ADR hissəsində yaşayır". 



Keçmiş Sovet ölkələrinin isə hamısında  bu problem mövcuddur. SSRİ dövründə Azərbaycanda da insanlar dövlətdən maaş, ev, maşın alıb. Hətta bu bir növ  ənənəvi hala çevrilmişdi: 

"Bu gün isə  Azərbaycanda aktiv əhalinin təqribən 45-50 faizi büdcə və ya dövlət tərəfindən maliyyələşdirilən qurumlarda çalışırlar. Təsəvvür edirsiniz, bu  nə deməkdir? Məhz bu səbəbdən Azərbaycanda ən çox şikayətlər sosial siyasəti həyata keçirən icra qurumlarındandır. Bütün bu məsələləri nəzərə alaraq Azərbaycan höküməti sosial təminat sisteminin gücləndirilməsi istiqamətində addımlar atır. Yeni yaradılan DOST mərkəzlərinin də funksiyası məşğulluğun təmin edilməsi, pensiya və təqaüdərin müəyyənləşdirilməsi,Əmək münasibətləri sahəsində sualların cavablandrılması, sosial sığorta məsələləri və digər sosial xidmətləri əhatə edir. Bildiyimə görə 2019 -2025-ci illərdə ümumilikdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Mən mövcud şəraiti nəzərə aldıqda atılan addımları müsbət qiymətləndirsəm də, Ümumilikdə götürəndə əmək qanunvericiliyində ciddi boşluqların olduğunu düşünürəm.Bu istiqamətdə ciddi işlər görülməlidir".