“Gənc kadrlar ilk növbədə vətəndaşlara yardımçı olmalıdırlar”

“Onlar etimadı doğrultmaq üçün əllərindən gələn hər şeyi etməlidirlər”

"Dövlətimiz gənclərə bu qədər dəstək verir, onların özlərini realizə etmələri üçün şans yaradır”



"Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir". 

Bu  sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısının hərzaman ölkə gənclərini dəstəklədiyini vurğulayan  "Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli deyib ki,  Cənab Prezident İlham Əliyev daim gənclərə layiq olduqları imkanlar səviyyəsində geniş meydan verilməsinə, bu təbəqənin zəruri tələbat və ehtiyaclarının ödənilməsinə çalışıb:
 
"Ölkə rəhbərinin gənclərə diqqət və qayğısı ulu öndərimiz Heydər Əliyevin möhkəm təməllərlə əsasını qoyduğu gənclər siyasətinin məntiqi davamıdır. Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə qeyd edib ki, gənclər önə çəkilməlidir, gənclərin özlərini realizə etmələri üçün onlara meydan verilməlidir. Son illərdə gənclərin ön plana çəkilməsi də bu siyasətin məntiqi davamıdır. Artıq bir neçə rayonda icra başçısı gənclərdir, gənclər eyni zamanda Milli Məclisdə də təmsil olunurlar.  Prezidentin bir neçə gün əvvəl verdiyi müsahibə zamanı dediyi bu sözlər gənclər üçün yol xəritəsi olmalıdır: "Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək".

H. Heydərlinin sözlərinə görə, dövlət əhəmiyyətli vəzifələrə təyin olunan gənc kadrlar onlara olan etimadı doğrultmaq üçün əllərindən gələn hər şeyi etməlidirlər: " Dövlətimiz gənclərə bu qədər dəstək verir, onların özlərini realizə etmələri üçün şans yaradır. Vəzifəyə təyin olunan gənc kadrlar ilk növbədə vətəndaşların problemlərini, qayğılarını dinləməli və onlara yardımçı olmalıdırlar. Prezidentin dediyi kimi "vətəndaşlar sizdən razı qalsa, mən də razı qalacam" sözləri çox əhəmiyyətlidir. Gənc məmurlar onlara göstərilən etimadı doğrultsa, bu digər gənclərə də stimul olacaq və onlar da durmadan öz üzərində çalışacaqlar ki, dövlətin etibarını doğrultsunlar. Bu baxımdan düşünürəm ki, gənclərin vəzifələrə təyin olunması davamlı olacaq və onlar əllərindən gələni edəcəklər ki, etimadı doğrultsunlar".