Son çarə...   ! Dayə tapanda ana mütləq bir müddət onlarla yaşamalıdır

İnternetdən, sosial şəbəkələrdən tapılan dayələrə körpə etibar edilməz. Bundan əlavə, dayələr mütləq tibbi yoxlanışdan keçirilməlidir


Dayə kimi çalışdığı evdən qızıl-zinət əşyaları oğurlayan şəxs polis tərəfindən saxlanılıb. Bu da dayəyə etibar etməyin sonu. İndi, övladını müxtəlif səbəblərdən dayəyə etibar edənlər “bizim dayəmiz yaxşıdı, belə iş görməz” düşünəcək. Bəlkə də dayələri “əlaltından”, gizli imtahan etməyə, sınağa çəkməyə başlayacaqlar. “Tamahkar” pyesindəki  Hacı Murad kimi yerə “abbası” atacaqlar, görək dayə pulu götürür, ya götürmür?!. 
Mövzu dayənin oğurluq etməsi deyil. “Dayələrə nə zaman, hansı halda uşaq tapşırmaq olar”dı.  

Qeyd edək ki, bir neçə il əvvəl UNİCEF «Tanış sifət: Uşaqların və yeniyetmələrin həyatında zorakılıq» adlı hesabat açıqlamışdı. Hesabatda qeyd olunurdu ki, dünyada 1-4 yaşlı uşaqların 75 faizi, yəni 300 milyon uşaq evdə baxıcıları tərəfindən psixoloji aqressiya və fiziki cəza görür. 30 ölkədə 1 yaşlı körpələrin hər 10 nəfərindən 6-sının daimi olaraq zorakılığa məruz qaldığı bildirilirdi.

Valideynin uşağı dayəyə etibar etməsinin müxtəlif səbəbləri ola bilər. Elə ana var, işə çıxmaq məcburiyyətindədir və uşağı dayəyə etibar etməkdən başqa yolu yoxdur. Eləsi də var, sırf öz dincliyi, istirahəti üçün uşağı dayənin «üstünə atır».

Bəzən, maddi cəhətdən təminatlı ailələrdə uşağı dayəyə sadəcə, dəb xatirinə, ətrafdakılara özünü «işgüzar», hətta varlı ailə kimi tanıtmaq naminə tapşırırlar. Sanki körpə böyütmək, uşağa qulluq əskik bir işdir…

Nəticə isə bəzən heç də yaxış olmur, hətta gözləntilərin əksi də baş verir. Dayələr tərəfindən körpələrin fiziki zorakılığa məruz qalması, bəzən daha faciəli olaylar - körpənin qətli də baş verən bədbəxt hadisələr sırasındadır. 



Psixoloq Narınc Rüstəmova «Şərq»ə açıqlamasında bildirdi ki, yaş yarıma qədər körpəyə mütləq şəkildə ana özü baxmalıdır:

- Ana körpəsini özü böyütməlidir. Bəli, ictimai-siyasi həyatda fəal qadınlarımız var ki, hansısa amillərdən fəaliyyətlərinə son verə bilmirlər, yaxud elə qadınlar var, işləmək istəyirlər, sırf maddi baxımdan işləmək məcburiyyətindədirlər. Belə olduğu təqdirdə mümkündür ki, körpə üçün dayə tutulsun. Amma hətta bu halda da ana çalışmalıdır ki, körpə ilə bacardıqca çox təmasda olsun. Çünki körpənin ilk növbədə ana südünə, ana nəfəsinə, ana nəvazişinə ehtiyacı var. Bəzi analar anlamır, başa düşmək istəmirlər ki, dayə nə qədər yaxşı olsa da, körpəyə qüsursuz xidmət göstərsə də, ananın yerini verə bilməz. Dayə ana deyil, ola bilməz də. 3 illik analıq məzuniyyəti dövrü var. Demirəm, 3 il ana işləməsin, evdə otursun. Lakin heç olmasa, yaş yarımına qədər körpəyə ana özü baxmalıdır. Bundan sonrakı mərhələlərdə uşağın dayə ilə tanışlığı başlaya bilər. Burada da birdəfəlik həll yolverilməzdir. Ana bir müddət dayə ilə bərabər olmalı, körpənin dayəyə alışması prosesi getməlidir. Birdən-birə körpəni tanımadığı şəxsin öhdəsinə vermək uşaqlarda dərin psixoloji travma yarada bilər. 

N.Rüstəmova dayələrlə ciddi iş aparılmalı olduğunu bildirdi: 

- Vaildeyn 1-2 ay dayə ilə birgə vaxt keçirməli, körpənin həyat tərzini, nəyi sevib, nəyi sevmədiyini, hansı vərdişlərə malik olduğunu, hətta mənsub olduqları ailə modelini də dayəyə öyrətməlidirlər. Uşaq təcrübə predmeti deyil. Bu gün bu dayəni gətirdik, sabah xoşumuza gəlmədi, onu göndərdik, başqasını tapdıq… Belə olmaz. Ailə, valideyn, uşağı kimə etibar edəcəyini yüz ölçüb, bir biçməlidir. Gözlənilməz situasiyaları istisna etmirəm. Amma bütün hallarda körpənin dayəyə etibar edilməsi uzun bir mərhələdən keçməlidir. Bizdə vəziyyət belədir ki, adətən hər kəs dayəni özü tapır. Tanışlardan, qohum-əqrəbadan soraqlaşırlar, detallara varmadan uşaqlarını etibar edirlər. Körpə üçün dayə tutulursa, yaşayış yerindən arayış, sağlamlıq haqqında arayış, hüquq-mühafizə orqanlarından arayış tələb edilməlidir. Dayənin harada yaşadığı, necə yaşadığı, səhhətində problem olub-olmadığı, hansısa əmələ görə hüquq-mühafizə orqanlarında adı keçib-keçmədiyi, hamısı bilinməlidir. Yoxsa, internetdən, sosial şəbəkələrdən tapılan dayələrə körpə etibar edilməz. Bundan əlavə, dayələr mütləq tibbi yoxlanışdan keçirilməlidir. Əgər hansısa bir xəstəlik aşkarlanarsa, müalicə olunmalıdır. Dayə də insandır. Ola bilər, ailəsində hansısa bir hadisə baş versin və bu da onu təsirləndirsin. Uşaqla lazımi qədər maraqlanmasın və ya əsəb sarsıntısı keçirsin və bu da uşağa yansısın. Ona görə də əgər körpə dayəyə etibar edilirsə, burada mütləq ciddi nəzarət olmalıdır.   
 
N.Rüstəmova bildirdi ki, uşağın dayəyə hədsiz bağlanması ana ilə övlad arasında münasibətlərin soyuqluğuna və mənəvi bağların qırılmasına gətirib çıxarır:

- Analar var ki, hətta özləri evdə olanda da uşaqla təmas qurmur. Uşağı dayə ilə yatızdırır. İşdən evə gələndə dincəlmək, istirahət etmək xətrinə dayəni azad etmir, ana evdə ola-ola yenə uşağa dayə baxır. Bəzi qadınlar gəzintiyə çıxanda, qonaqlığa gedəndə də dayəni özüylə aparır ki, rahat əylənsin, söhbətləşsin, uşaq ona mane olmasın. Bu, uşağın bütünlüklə dayənin öhdəsinə verilməsidir və yolverilməzdir. Dayə uşaqla ananın işdə olduğu saatlarda məşğul olmalıdır, hansısa vacib işi varsa, o zaman uşağa nəzarət etməli, qulluq göstərməlidir. Yoxsa, ana dincəlmək istəyir deyə, uşağı 24 saat dayəyə etibar edirsə, bu artıq uşaqla ana arasında tellərin qırılması deməkdir. Bilirsiz, bu səbəbdən uşaqlar böyüdükdə bəzən analarını qınayır, «sən mənə analıq etməmisən» deyirlər. Valideynlə uşaqlar arasında soyuqluq, yadlaşma belə yaranır.