Novella Cəfəroğlu Ombudsmandan razılıq edir
Bizim cəmiyyətə müraciət edən vətəndaşları ombudsmanlığa yönəltmişəm. Qəbul edib və müvafiq tədbir görüblər. Bir sözlə, vətəndaşlarla işləməyi, müraciət edənlərə münasibəti çox yaxşıdır
İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva Müdafiə Nazirliyinin Hərbi Xəstəxanasına baş çəkib. Ombudsman erməni qoşunlarının Tovuz rayonu istiqamətində təxribatları və ağır artilleriya hücumları nəticəsində yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularla görüşüb, onların vəziyyəti ilə tanış olub.
Qeyd edək ki, xanım Müvəkkil iki gün əvvəl də Tovuzun Ağdam kəndində olub. S.Əliyeva cəbhə bölgəsindəki mülki yaşayış məntəqələrinin monitorinqi zamanı Tovuzun Dondar Quşçu kəndinə ağır artilleriya hücumları nəticəsində dağıdılmış evlərə baş çəkib.
Dövlət sərhədində baş verən təxribata dərhal reaksiya verən Ombudsmanın bütün riskləri gözə alaraq hadisə yerinə getməsi və düşmən hücumuna məruz qalan vətəndaşlarla görüşməsi, Bakıya qayıdan kimi yaralı əsgərlərə baş çəkməsi ictimaiyyət tərəfindən təqdir olunub.
Ötən müddət ərzində atdığı addımlar fonunda Ombudsmanın döyüş bölgəsinə baş çəkməsinin onun üçün təəccüblü olmadığını dilə gətirən hüquq müdafiəçisi Novella Cəfəroğlu "Şərq"ə açıqlamasında Səbinə xanımla bağlı xoş təəssüratlarını bölüşüb.
N.Cəfəroğlu eyni zamanda Səbinə Əliyevanın Müvəkkil kimi səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verdiyini xatırladıb:
"Səbinə xanım Ombudsman seçildiyi gündən onun göstərəcəyi fəaliyyətlə bağlı düşüncələrim optimist idi. Və çox şadam ki, gözləntilərimdə yanılmadım. Onun ötən bu müddət ərzindəki fəaliyyətini çox müsbət qiymətləndirirəm. QHT nümayəndələrinin bütün müraciətlərini dəyərləndirir, təkliflərimizi dinləyir. İnsan haqlarının qorunması ilə bağlı əhəmiyyətli addımlar atır. Müntəzəm olaraq həbsxanalara baş çəkib, məhbusların problemləri ilə maraqlanır.
Müəyyən məsələlərlə bağlı Səbinə xanıma bir neçə dəfə müraciət etmişik. Üzərinə düşən vəzifəni yerinə yetirib, kömək edib. Hüquq müdafiəçisi olaraq bizim cəmiyyətə müraciət edən vətəndaşları ombudsmanlığa yönəltmişəm. Qəbul edib və müvafiq tədbir görüblər. Bir sözlə, vətəndaşlarla işləməyi, müraciət edənlərə münasibəti çox yaxşıdır.
Hətta onu da deyim ki, Səbinə xanım ictimaiyyətə açıqlanandan daha çox iş görür. Bir dəfə bununla bağlı köməkçisindən də soruşdum ki, Ombudsman bu qədər iş görür, amma heç birini ictimaiyyətə açıqlamır, mediada tirajlanmasını istəmir. Onda həmin xanım mənə Səbinə xanımın "bizi bu vəzifəyə işləmək üçün seçiblər, özümüzü reklam etmək üçün yox" sözlərini xatırlatdı. Sözün düzü, Ombudsmanın bu düşüncədə olması məni çox sevindirdi".
Döyüşlərin getdiyi bir vaxtda Ombudsmanın cəbhə bölgəsinə getməsinə gəldikdə isə N.Cəfəroğlu bu cəsarətinin təqdirəlayiq olduğunu deyib:
"Uşaqlarını evdə qoyub hücumlar nəticəsində dağıdılmış evlərə baş çəkməsi, erməni təxribatından zərər çəkən mülki əhalinin dərdini dinləməsi belə onun öz işinin öhdəsindən layiqincə gəldiyinin göstəricisidir".