Həkim qorxu içindədir

Hələ koronavirusdan canımızı qurtarmamışıq

"Bir həkim olaraq bu qədər insanın bir araya gəlməsi, maskasız, məsafəsiz qol-boyun yürüş etməsi çox qorxuludur"


Bakıda keçirilən orduya dəstək yürüşlərindən sonra ölkədə koronavirusa yoluxanların sayının artacağı  ilə bağlı müxtəlif fikirlər var.
Yürüşdən sonra pandemiya ilə bağlı vəziyyətin nəzarətdən çıxacağına dair  öz narahatlıqlarını ifadə edən həkimlər hesab edir ki, o böyüklükdə izdihamdan sonra Bakıda karantin qaydalarını sərtləşdirməyin elə bir əhəmiyyəti qalmır...

 İctimaiyyət üzvləri isə hesab edir ki, yoluxma ehtimalına rəğmən insanların  öz həyatını, sağlamlığını nəzərə almadan o yürüşlərə qoşulub, ordumuzun yanında olduğunu göstərməsi əsl vətəndaşlıq nümunəsidir. Arqumentlərdən biri də  emosional vəziyyətdə insanların müqavimət gücünün artması səbəbindən koronavirusa yoluxma ehtimalının aşağı düşməsi ilə bağlıdır. 

Kardioloq Günay Rəhimova "Şərq"ə açıqlamasında  orduya dəstək aksiyası ilə bağlı ikili hisslər yaşadığını deyib:

"Vətəndaşların kütləvi şəkildə şəhid generalın yaşadığı ünvana toplaşması, Qarabağla, millətin taleyi ilə bağlı yürüş keçirməsi qürurvericidir.  İnsanlarda milli ruhun, vətənvərpərlik duyğularının bu qədər yüksək olması bir vətəndaş kimi məni çox sevindirir. Amma bir həkim olaraq  bu qədər insanın bir araya gəlməsi, maskasız, məsafəsiz qol-boyun yürüş etməsi çox qorxuludur.

Onsuz da son vaxtlar koronavirusa yoluxma sayı ürəkaçan deyil. Sərt karantin tədbirlərinə rəğmən statistik göstəricilər 550-nin üzərindədir. Aksiyadan sonra  pandemiyanın yayılma arealının genişlənmə ehtimalı məni çox düşündürür. 

Lakin içimdə bir ümid də var. Xatırlayırsınızsa, pandemiyanın tüğyan etdiyi bir mərhələdə Rusiyada hərbi parad keçirildi və yaşanan o cür izdihamdan sonra  yoluxma sayında ciddi bir artım müşahidə edilmədi.

Bir yandan da səhiyyənin imkanları baxımından Azərbaycanı  Rusiya ilə müqayisə edəndə qorxularım yenidən baş qaldırır. Rusiya xəstəxanaları daha böyük, tibbi personalları bizimlə müqayisədə çoxdur".