İşğalçı Ermənistanın cinayətkar rəhbərliyi özünün təcavüzkar və işğalçılıq siyasətini davam etdirməkdədir. 12 iyul tarixində mənfur qonşularımız yeni vəhşiliklərini Dağlıq Qarabağ və işğal olunmuş ərazilərə heç bir aidiyyəti olmayan Tovuz rayonu istiqamətində həyata keçirməklə yeni bir təxribata cəhd göstərdilər. Həmişəki kimi güclü və mətin ordumuz bu təxribatın qarşısını lazımi şəkildə alaraq düşmənə layiqli cavabını verdi.
Azərbaycan Silahlı Quvvələrinin Ali Baş Komandanı İlham Əliyevin də dediyi kimi, düşmən bir santimetr də ərazilərimizə daxil ola bilmədi. Ancaq baş verən hadisələri ciddi analiz etsək bu təxribatın həm mənfi, həm də müsbət nəticələri oldu.
Politoloq Xəyal Bəşirovun "Sherg.az"a açıqlamasına görə, Tovuzda baş verənlərin müsbət tərəflərindən ən əsası odur ki, uzunmüddətli münaqişənin dondurulmuş xarakterdən çıxmasına, beynəlxalq ictimaiyyətin diqqətinin konfliktə cəlb olunmasına şərait yaratdı:
" Təcrübə göstərir ki, hətta uzun illər ərzində istənilən şəkildə təbliğatın aparılması belə, hansısa münaqişə ilə bağlı dünya ictimaiyyətinin və dövlətlərinin diqqətinin cəlb edilməsi istiqamətində, heç vaxt real olaraq müəyyən toqquşmaların baş verməsinin yaratdığı effekti vermir.
Hər bir halda müəyyən təxribatçı məqamlar olsa da, həm ölkəmizdə, həm də bütün dünyada yaşayan on minlərlə həmvətənimiz, çox qısa zaman kəsiyində dövlətimizə, ordumuza bütün varlıqları ilə dəstək olduqlarını real şəkildə, milyonlarla insanımız bunu real olmasa da, müxtəlif platformalar üzərindən bəyan etdilər ki, bu proses davam etməkdədir.
Ölkəmizdə mövcud siyasi müxalifətin mütləq əksəriyyətinin, ümumi problemimizlə bağlı birmənalı olaraq ordumuzun, dövlətimizin və onun yürütdüyü siyasətin yanında olmasını bəyan etməsi amili, ümumi dövlət maraqlarımıza xidmət edən istənilən məsələdə bir yumruq kimi birləşərək vahid hədəfə vura biləcəyimiz baxımından mühüm əhəmiyyət daşıyır.
Pandemiya şəraitində bütün dünyanın real həyatdan izolyasiya olunduğu bir məqamda, insanlarımızın dövlətimiz və xalqımız üçün ən önəmli məsələ ilə bağlı həyatlarını belə təhlükə altına ataraq bütün ölkə üzrə kütləvi şəkildə küçələrə axışması və dövlətin də buna həmrəylik göstərməsi münaqişə ilə bağlı maraqlı tərəfləri ciddi düşünməyə vadar etmiş oldu. Artıq regionla bağlı maraqlı güclər, Qarabağ konfliktinin ölkəmiz üçün sadəcə siyasi deyil, taleyüklü məsələ və müqəddərat problemi olduğunu anladılar".
Politoloqun sözlərinə görə, dünyanın siyasi və mədəni mərkəzi sayılan Avropanın enerji xəritəsini müəyyənləşdirən Azərbaycanın enerji kəmərlərinin keçdiyi torpaqlarda hansısa təxribat törətmək istəkləri ermənilərə çox baha başa gəldi.
Məruz qaldıqları uğursuzluq və itkilərdən sonra işğalçı ölkə və onun himayədarlarının növbəti dəfə belə bir təxribata əl atacağına inanmıram:
"Tovuzda baş verənlər əsas verir ki, Avropanın enerji təhlükəsizliyində maraqlı olan bütün qüvvələr dünya tərəfindən qəbul edilən ərazi bütövlüyümüzün tezliklə təmin olunmasında aktiv nümayiş etdirib, işğalçılıq siyasətinə son verməsi üçün Ermənistana qarşı sanksiyalar tətbiq etsinlər"
Ermənistan hakimiyyətinin cılız və saxta ambisiyaları ilə bağlı Rusiya dövlətini də çox böyük təxribata çəkdiyinə diqqət yönəldən politoloq deyib ki, bu artıq bilavasitə şimal qonşumuz olan Rusiya dövlətinin rəhbərliyinə də məlum oldu: "Ən əsas faktorlardan biri də, beynəlxalq ictimaiyyət bir çox müttəfiqlərimiz tərəfindən, xüsusilə də Türkiyə tərfindən heç vaxt olmadığı qədər, çox açıq şəkildə dəstəklənməyimizin, qarşı tərəfə də sərt münasibətin canlı şahidi oldu. Belə bir məqamda, dövlət başçısı tərəfindən xarici işlər nazirinin dərhal əvəz olunması və bu sahədə mövcud olan ciddi çatışmazlıqların sərt şəkildə tənqid olunması ölkəmizin xarici siyasət kursunda ciddi dönüşün olacağından xəbər verdiyini düşünürəm".
X. Bəşirovun sözlərinə görə, əldə etdiyimiz uğurlar fonunda Tovuz sərhədində yaşanan gərginliyin xoşagəlməz tərəfləri də yox deyil. Bu da ölkəmizin ərazi bütövlüyü uğrunda şərəflə ölümə getməyə hazır ola qəhrəman igidlərimizin şəhid olması faktıdır:
"Bir tərəfdən rütbəsindən və vəzifəsindən asılı olmayaraq bu cür igid və qəhrəman övladlarımızın saysız-hesabsız olması bizi nə qədər qürurlandırırsa, digər tərəfdən də onların həyatlarının itirilməsi bizi bir o qədər məyus edir və kədərləndirir.
Təbii ki, Ermənistan tərəfi həmişə olduğu kimi, baş verən toqquşmalarda özünün hərtərəfli itkilərini saxtakarcasına gizlətsə də, artıq informasiya erasında yaşadığımız bütün dünya real həqiqəti bilir və ayrıca ordularımız arasında olan güc nisbəti də bunu deməyə əsas verir.
Həm də, bu cür həssas məqamlarda, saylarının az olmasına baxmayaraq düşmən təxribatına səs verən ölkə daxili təxribatçıların da olması, ayrıca bir ürək ağrısı problemidir. Təbii ki, bu cür təxribatçıların cılızlığı və saylarının azlığı müqabilində xalqımızın və dövlətimizin birlik nəhəngliyi daim belələrinin səsini batırmağa və onları yerində oturtmağa qadirdir.
Allah şəhidlərimizə rəhmət və onların da uğrunda həyatlarını qurban verdikləri müqəddəs mübarizədə dövlətimizə tezliklə qələbə çalmağı nəsib eləsin!"