Pandemiyadan sağalan həkim: “Sabahdan işimə qayıdıram"

Pandemiyanın yayıldığı ilk günlərdən  koronaviruslu xəstələrin sağalması üçün əlindən gələni edən tibb işçilərindən biri də həkim- infeksionist Nicat Əzimlidir. 

Mart ayından xüsusi rejimli xəstəxanalarda koronaviruslu xəstələrin müayinə və müalicəsi ilə məşğul olan və ötən ayın ortalarında pandemiyaya yoluxan  həkim iki həftəlik stasionar müalicədən sonra evə buraxılıb. 

Koronavirusdan sağalan həkimin  "Sherg.az"a dediyinə görə, insanlar karantin rejiminə əməl etmədikcə, biz həkimlərin virusa yoluxması da qaçılmaz olacaq. 

-Həkim, özünüzü necə hiss edirsiniz? 
 
- İndi yaxşıyam. 12 günlük stasionar müalicədən sonra artıq sağalmışam.



- Bəs koronavirusa yoluxduğunuzu necə anladınız? 

-Xəstəliyin əlamətləri vardı. Öncə boğaz ağrısı, baş ağrısı, quru öskürək, qızdırma, sonra isə nəfəs almada çətinlik hiss etdim. Təbii ki, müayinə olunduqdan, diaqnoz qoyulduqdan (COVID-19, ikitərəfli pnevmoniyası) sonra öz çalışdığım xəstəxanada hospitalizə olundum.

- Müalicə müddəti neçə gün çəkdi? 

-Xəstəxanadakı 12 günlük müalicədən sonra nisbi yaxşılaşma ilə evə buraxıldım.

- İşə də  qayıtmısınız?

- Sabahdan etibarən işimə geri qayıdıram.

- Həkimlər arasında yoluxma sayı çox olduğuna görə, bir çoxları bunu  laqeydliklə əlaqələndirir. Bəs siz nə düşünürsünüz?

-Həkimlərin koronavirusa  yoluxmasının əsas  səbəbi ağır iş rejimi, həddən artıq yorğunluq, immunitetin zəifləməsi və təbii ki, COVİD19-lu xəstələrlə sıx kontakt zəminində yüksək virus yükünə məruz qalmalarıdır.