Ayaqüstü, tələsik qidalanma həzm sistemini pozur

Bu vəziyyət də bir çox mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır

Qida qəbulu tam sakit vəziyyətdə, tələsmədən, rahat bir ab-havada olmalıdır



Mütəxəssislərin araşdırmasına görə,  daimi gərginlik arası kəsilməyən duyğu və düşüncələr insanı yeməyə tərəf çəkir. Qəzəb, qorxu, təşviş, yanlış fikir inancları, fərdi komplekslər qaydasız qidalanmaya sövq edə bilər.

Emosional qidalanma insanın özünü yaxşı hiss etmədiyi, əhval-ruhiyyəsinin aşağı olduğu məqamlarda qidalanmağa fokuslanmasıdır.
Ruh halından asılı olaraq əksəriyyət qidalanma zamanı işimiz olmasa belə, yeməyi tələsərək bitirməyə çalışır. Bu isə zamanla bir vərdişə çevrilir. 
Zaman keçdikcə yemək yemək prosesindən sıxılan insanlar hətta sərf etdikləri zamana belə qənaət edir və daha az çeynəyərək qidalanmağa üstünlük verirlər. Bu cür qidalanma, təbii ki, orqanizm üçün ziyanlıdır. Nə yemək və necə yeməyinizdən asılı olmayaraq əgər qida normal çeynənilərək yeyilmirsə, mədəyə zərbələr vurulur.

 Qastroenteroloqların ümumi rəyinə görə,  ayaqüstü qidalanma, yediyini tələsik yemək, çeynəməmək, iri tikələri udmaq, gəzərək, televizor izləyərək qidalanmaq mədə üçün çox ziyandır və başda həzm sisteminin pozulması ilə yanaşı bir çox mədə-bağırsaq xəstəliklərinə də gətirib çıxarır.

Sürətli yemək yemək, ya da çeynəmədən yemək köpə və qaza səbəb olur. Çox çeynəmək isə mədə şirəsi fermentlərini xəbərdar edir və həzmi asanlaşdırır. Yavaş çeynəmənin başqa bir faydası isə beynin, sonra da mədə və bağırsaqların həzm əməliyyatını erkən başlamasına və çox xəbərdar etməsinə səbəb olur. Yavaş yedikcə beyin toxluq hissini daha tez qəbul edir. Beləcə ehtiyacdan çoxunu yemir, eyni zamanda tez doyma hissinə sahib oluruq. Yavaş yemək həzm baxımından daha sağlam olmaqla bərabər kilo almamızı da minimum səviyyəyə endirir. Sürətli yemək isə toxluq hissini gecikdirir və daha çox qida qəbul etməyə səbəb olur.

Düzgün qidalanma qaydaları ilə bağlı tövsiyələrini  "Şərq"lə bölüşən  qastroenteroloq Günay Əsədova hesab edir ki, qida qəbulu rahat ab-havada olmalıdır. Yemək zamanı televizora baxmaq, musiqiyə qulaq asmaq, söhbət etmək  məsləhət olunmur. Ətrafdan gələn səs-küy insan beyninə psixoloji təsir etdiyi üçün həzm şirələrinin sekresiyasının reflektor fazası pozulur. 

Həkimin sözlərinə görə, qidalanma zamanı diqqət yetirilməli olan məqamlardan biri də yeməyin temperaturu və miqdarıdır: "Qidalanma orqanizmdə maddələr mübadiləsinin requlyatorudur. Sizin nəyi və hansı miqdarda yeməyinizdən orqanizmin psixi və fiziki tonusu, hormonal səviyyəsi və nə qədər təəccüblü olsa da, zehni inkişaf səviyyəsi asılıdır. Kiçik porsiyalarla qida qəbulu qidalandırıcı maddələrin mənimsənilməsinə müsbət təsir göstərir, qida daha tez və effektiv şəkildə həzm olunur. Bundan başqa, kiçik dozalarla tez-tez qidalanma əzələ zülalının parçalanmasını gecikdirir".

Sürətli yemək vərdişinin zərərlərinə toxunan G.Əsədova deyib ki, həzm prosesinin birinci mərhələsi - qidanın ağız boşluğunda xırdalanmasıdır. Bu mərhələdə karbohidratların mənimsənilməsinə imkan verən amilaza enzimi ifraz olunur:

"Bundan başqa, qidanın yaxşı çeynənilməsi onun xırdalanmasına gətirib çıxarır, bu isə onun yaxşı həzm olunmasını təmin edir. Masa arxasında olarkən, tələsməyin, 1 tikəni 20 dəfəyədək yaxşı-yaxşı çeynəyin. Belə bir sadə qida qəbulu üsulu zülalın mənimsənilmə dərəcəsini minimum 20 faiz artırmağa imkan verir. Tələm-tələsik qəlyanaltı etməyin. Sizin kiçik bir qida parçasını dişləməyə, onu yaxşı-yaxşı çeynəməyə və yalnız bundan sonra onu udmağa kifayət qədər vaxtınız olmalıdır.

Yetərincə çeynənməmiş və ağız suyu ilə işlənməmiş qida mədəyə daxil olur.

Belə hal normal fəaliyyət göstərən mədə üçün artıq iş görməyi vadar edir, üstəlik, udulmuş hava qovcuqları da həzmin düzgün getməsinə maneə törədir, qıcqırma proseslərini artırır, bu da qarındaxili təzyiqi çoxaldır  və nəticədə biz duodenoqastral və qastroezofaqeal reflyuks əlamətlərini görürük. Əgər mədə-bağırsaq traktında hər hansı bir pataloji vəziyyət varsa, bu durum daha da dərinləşir.

Ona görə deyirəm ki, qida qəbulu tam sakit vəziyyətdə, tələsmədən, rahat bir ab-havada olmalıdır".