Artıq xəstəxanalarda yer boşalır

Artıq müvafiq qurum yavaş-yavaş yumşalma tədbirlərinə keçmək haqqında düşünə bilər. O şərtlə ki, insanlarımız bundan rahatlanıb əvvəlki səhvləri təkrarlamasınlar

Biz artıq əmin olduq ki, izolyasiya qaydalarına riayət olunduqca, yayılma arealı zəifləyir


Artıq bir neçə gündür koronavirusa yoluxmada müsbət dinamika müşahidə olunur. Sağalanların sayı yoluxanları üstələyir. Təbii ki, bu, virusun bitdiyi anlamına gəlməsə də, qeydə alınan müsbət dəyişikliklər pandemiya ilə mübarizədə dövlət tərəfindən atılan addımların düzgün olduğunu göstərir. 
Virusun əvvəlki qədər aqressiv olmadığını qeyd edən həkimlər isə  hesab edir ki,  infeksiya tamamilə yox olana qədər  maska, sosial məsafə və şəxsi gigiyena qaydalarına mütləq şəkildə əməl edilməlidir. 

İnfeksionist-hepatoloq Mərdan Əliyevin "Şərq"ə açıqlamasına  görə, son aylarda pandemiyaya yoluxanların sayı çoxaldığı üçün insanlarda COVİD-19-un varlığına və təhlükəli infeksiya olduğuna dair inam formalaşıb:

"2 ay öncəsinə qədər insanların çoxu  pandemiyaya inanmadığı üçün yoluxma sayı bu həddə qədər yüksəlmişdi. Artıq vəziyyət nəzarətdən çıxmağa doğru getdiyi üçün virusa yoluxma sayının azalması üçün maksimum tədbirlər görüldü, ardıcıl sərt karantin tətbiq olundu və  xüsusən də maarifləndirmə tədbirləri gücləndirildi.

Biz həmişə deyirdik ki, fərdi şəkildə insanlar tərəfindən karantin və gigiyena qaydalarına əməl olunmasa, dövlət tərəfindən görülən işlərin nəticə verməsi çətindir. Bu gün yoluxma sayında müşahidə  olunan müsbət dinamika da məhz insanların fərdi şəkildə karantin qaydalarına əməl etmə vərdişlərinin formalaşması ilə bağlıdır. 

Sağalanların sayında müşahidə olunan artım isə dövlət tərəfindən həyata keçirilən tədbirlərin effektivliyi ilə əlaqədardır. Virus dövlət tərəfindən düzgün  idarə olunması nəticəsində artıq xəstəxanalarda yer boşalır. Bu mənada artıq müvafiq qurum yavaş-yavaş yumşalma tədbirlərinə keçmək haqqında düşünə bilər. O şərtlə ki, insanlarımız bundan rahatlanıb əvvəlki səhvləri təkrarlamasınlar.

Biz artıq əmin olduq ki,  izolyasiya qaydalarına riayət olunduqca, yayılma arealı zəifləyir. Belə olan halda bir növ həndəsi silsilə ilə azalmağa doğru gedir. Əksi baş verdikdə isə virus daha aqressiv şəkildə özünü büruzə verir.

Necə ki, may ayında karantin qaydalarında yumşalma prosesinin icrasına başlandıqdan sonra virusa yoluxanların sayında xeyli sayda artım müşahidə etdik və bu dinamika son bir həftəyə qədər davam edirdi.

Statistikada yoluxma sayı  500-600 arası göstərilsə də, biz onu beşə vurub real yoluxma sayını müəyyən edirdik. Bir neçə dəfə də qeyd etdiyimiz kimi, ictimaiyyətə yalnız müvafiq laboratoriyalarda qeydiyyata düşüb analiz verən şəxslərin yoluxması ilə bağlı məlumat verilir. Halbuki, infeksiyaya yoluxanların böyük əksəriyyəti həkim nəzarətində evdə müalicə olunur.

Bir hissəsi isə  nə həkimə, nə də xəstəxanaya müraciət etmədən qohum-qonşudan öyrəndiyi reseptlə özünü sağaltmağa çalışır".