“Birinci xanımın müraciətində milli maraqların qorunması ifadə olunub”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib.


Dövlət Sərhədinin Tovuz istiqamətində baş verən hadisələrin ölkəmizin hər bir vətəndaşını narahat etdiyini vurğulayan M. Əliyeva dərhal ordumuz tərəfindən  işğalçıların növbəti təxribatının qarşısının alındığını və düşmənə layiqli cavab verildiyini deyib. Birinci vitse- prezident eyni zamanda bu günlər ərzində əsl vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə öz  minnətdarlığını bildirib:

"Yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələb olunur. Unutmamalıyıq ki, artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər.

Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır".



Mehriban xanım Əliyevanın müraciətini məzmun etibarilə həm də bir çağırış kimi dəyərləndirən millət vəkili Hikmət Babaoğlunun "Sherg.az"a  açıqlamasına görə,  Birinci vitse-prezidentimiz öz müraciətində  bir neçə strateji məsələyə eyni vaxtda toxunmaqla milli maraqlarımızın qorunması baxımından onların hamısının birlikdə vahid tamın komponentləri olduğunu ifadə edib: 

"Bunlardan birincisi Milli Ordumuzun gücü və düşmən təxribatına layiqli cavab verməsi ilə bağlıdır ki , bu məsələ milli maraqlarımızın təmin olunması kontekstində də elə birinci yerdə durur. Hazırda biz savaşdan danışan zaman hər nə qədər bu savaşın digər komponentləri haqqında müxtəlif fikirlər irəli sürsək də, yəqin bildiyimiz əsas məsələ şübhəsiz ki, ordunun gücünün həlledici faktor olmasıdır.

İkinci əsas məsələ odur ki , Mehriban xanım Əliyeva güclü ordumuzun xalq tərəfindən dəstəklənməsi, ölkəmizdə ,vətəndaşlarımızda yüksək vətənpərvərlik hisslərinin olması və ərazi bütövlüyümüzün bərpa olunması işində xalqımızın Ali Baş Komandanımızı dəstəkləməsi məsələsidir ki, bu milli gücün və milli resurslarımızın milli maraqlarımız ətrafında səfərbər edilməsi baxımından olduqca vacibdir.

Çünki bunların biri olmasa düşmənə qarşı savaşda arzu edilən məqsədə nail olmaq da çətin olur. Bu prosesdə Şəhidərimizin olması  və hamımızın birlikdə şəhidlərimizin qisasını almaq , torpaqlarımızı işğaldan azad etmək əzmi nümayiş etdirə bilməmiz milli həmrəyliyimizin və mütəşəkkilliyimizin bariz göstəricisidir ki , müharibə vəziyyətində olan ölkəmiz üçün bu da olduqca ciddi ictimai- ideoloji faktordur" . 

Millət vəkilinin sözlərinə görə, müraciətdə diqqət şəkən digər önəmli məsələ müasir müharibələrin əsas komponentlərindən biri olan informasiya savaşı ilə əlaqədardır ki , müraciətin çağırış hissəsi də elə burada öz əksini tapıb: 

"Özlüyündə bu məsələ də olduqca əhəmiyyətlidir . Çünki yumşaq güc kimi səciyyələndirilən informasiya gücü milli intellektual faktor kimi milli maraqların qorunmasına cəlb edilmədikdə bu zaman əldə edilən hərbi – siyasi uğurlar belə daxili dağıdıcı faktorlarla tamamilə itirilə bilər . Ona görə də bu istiqamətdə milli fəaliyyətimizi gücləndirilməli,  hər bir ictimai fəal fərd , hər bir sosial şəbəkə iştirakçısı özünü ön cəbhədə vətəni müdafiə edən əsgər kimi hiss etməlidir.

Əslində hazırda milli informasiya platformalarımızda vəziyyət elə arzuladığımız kimidir ancaq bəzi istisnalar da yox deyil . Hörmətli Mehriban xanım Əliyev da elə bu məsələyə diqqəti çəkərək haqlı olaraq bildirir ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək “darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə vermək, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq salamaq bu məsuliyyətli tarixi mərhələdə milli maraqlarımız baxımından nə izah edilən, nə də başa düşüləndir. 

Düşünürəm ki, bu məsələ hər birimizi narahat etməli, sosial şəbəkələrdə belə təxribatçılara qarşı kütləvi sinxron etiraz formaları tətbiq edilməlidir. Nəticə etibarilə söhbət milli davamıza kölgə salanlardan gedir və onlara qarşı inzibati qaydada mübarziə aparmaq mexanizmləri effektiv olmadığı üçün virtual ictimai qınaq mexanizmindən istifadə etməliyik.

Bu əslində bizim vətəndaş məsuliyyətimiz kimi qəbul edilməlidir. Hədəfimiz torpaqlarımızı işğaldan azad etmək, məqsədimiz də Ordumuzun , Ali Baş Komandanımızın arxasında milli həmrəylik nümayiş etdirərək birgə dayanmaqla bu məqsədə çatmağımızı təmin etməkdir".