Hər şey yaxşılığa doğru dəyişir

Növbəti aylarda da pandemiyaya qarşı mübarizədə birgə addımlamalıyıq


Pandemiyaya yoluxanların sayının azalmasına rəğmən ölkədə sərtləşdirilmiş xüsusi karantin rejiminin yenidən uzadılması cəmiyyətdə müəyyən narazılıq doğurur.
Aylardır təmiz havaya, günəş şüasına həsrət qalan vətəndaşlar  hesab edir ki, karantin rejiminin uzadılması orqanizmi bu "nemətlər"in faydasından məhrum edir. 
Karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı narazılıqların əleyhinə olan millət vəkili Sədaqət Vəliyevanın sözlərinə görə, Operativ Qərargahın bu qərarı yoluxma sayının daha da azalmasına və ölkəmizdə epidemioloji vəziyyətin stabilləşməsinə hesablanıb:



"Son iki ayda yoluxma sayının artan yox, azalan xətt üzrə inkişaf etməsi, sağalanların sayının  infeksiyaya yoluxanların sayından çox olması məhz dövlət tərəfindən həyata keçirilən izolyasiya və sərt karantin tədbirlərinin  müsbət nəticəsinin təzahürüdür. 

Düzdür, əvvəlki aylarla müqayisədə vətəndaşlar arasında koronavirusun varlığına  inam formalaşıb. İnsanlarımız karantin qaydalarına  daha  məsuliyyətli yanaşır, maskadan və  dezinfeksiyaedici məhlullardan istifadə edir.

Düşünürəm bu uğurun əldə edilməsində ictimai qınaq mexanizminin də böyük rolu var. Prezidentin çağırışına uyğun olaraq insanlar qapalı məkanda maskadan istifadə etməyəni, sosial məsafə saxlamayanı tənbeh edirlər, məcbur edirlər ki, ictimai qaydalara riayət etsinlər. Bəli, biz birlikdə güclü olduğumuzu bir daha sübut etmiş olduq.

Düşünürəm ki, növbəti aylarda da pandemiyaya qarşı mübarizədə birgə addımlamalıyıq. Bu dövrü səbirlə, təmkinlə keçirməli, qayda və qanunlara mütləq riayət etməliyik. Karantinin tamamilə götürülməsi, məhdudiyyətlərin aradan qaldırılması vətəndaşların tələb olunan qaydalara nə dərəcədə əməl etməsindən asılıdır".