“Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır"
Prezident İlham Əliyevin Tovuzda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.
Qərarı yüksək dəyərləndirən millət vəkili Tamam Cəfərova "Sherg.az"a açıqlamasında qeyd edib ki, dövlət başçısının müvafiq sərəncamının icrası ilə bağlı Tovuz rayonunda təcili tədbirlər görülür. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində vətəndaşlar zərər çəkdi:
"Onların təhlükəsizliyinin təminatı məqsədi ilə atılan bu addım bir daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşının yanındadır. Bu işlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Dövlət qurumlarına tapşırıq verilib ki, Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilsin. İqtisadiyyat və Fövqəladə Hallar Nazirliklərinin nümayəndələri, habelə Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları və mütəxəssislərdən ibarət İşçi Qrup yaradılıb.
Hazırda mütəxəssislər hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyətini araşdırır, müvafiq müayinə və ekspertiza işləri aparır. Dəymiş ziyan qısa müddətdə qiymətləndiriləcək və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq. Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Prezidentə təqdim ediləcək".
Millət vəkili onu da diqqətə çatdırıb ki, dövlətimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur:
“Onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz döyüşlərindən dərhal sonra Birinci vitse-prezident Mehriban Əliyeva şəhid olan 12 hərbçinin ailə üzvlərinin bütün qayğılarının daim Heydər Əliyev Fondunun nəzarətinə götürməsinə dair tapşırıq verib.
Həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb. Bütün bunlar qürurvericidir və da bir daha təsdiq edir ki, dövlət Vətən uğrunda vuruşanları, canından keçənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. İndiki Sərəncam bu qəbildən olan ilk sənəd deyil, bu artıq bir ənənə halını alıb.
Hələ 2016-cı ildə Lələtəpə əməliyyatı nəticəsində qazanılan qələbədən dərhal sonra Cocuq Mərcanlı kəndi yenidən tikildi.Tərtər və Ağdam rayonlarının kəndlərində də çoxlu obyektlər istifadəyə verildi. Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq.Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır".