Hər kəs əmin olsun ! – “Azərbaycan dövləti daim vətəndaşının yanındadır!”

“Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır”


"Tovuz rayonuna dəymiş ziyanın aradan qaldırılması ilə bağlı  Prezident İlham Əliyevin imzaladığı  Sərəncam əsasında artıq Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar". 
Bu sözləri  "Sherg.az"a açıqlamasında millət vəkili Sədaqət Vəliyeva deyib.
Dövlət başçısı tərəfindən imzalanmış Sərəncamın  xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan deputatın sözlərinə görə, vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır: 



"İlkin monitorinq zamanı bəlli olub ki, əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib.İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evinmüxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib – bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur. İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir və mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb”. 

Azərbaycanın iqtisadi və sosial baxımdan kifayət qədər güclü dövlət olduğunu deyən S.Vəliyevanın sözlərinə görə, dövlətimiz istənilən çətinliklərin öhdəsindən gəlməyi bacarır və hər bir çətin vəziyyətdə vətəndaşının yanında olduğunu sübut edir. Biz bunu daşqınlar, zəlzələlər zamanı zərərçəkmiş regionlardakı yenidənqurma və bərpa işlərində görmüşük. Şahidi olmuşuq ki, necə Prezident İlham Əliyev aparılan işlərlə yerindəcə tanış olur, insanların arzu və istəklərini dinləyir: 

"Hesab edirəm ki, qısa zaman ərzində Tovuz rayonuna dəymiş zərər aradan qaldırılacaq, infrastruktur və evlər bərpa olunacaq və həyat tamamilə öz məcrasına qayıdacaq. Hər bir vətəndaşımız əmin olsun ki, Azərbaycan dövləti daim vətəndaşının yanındadır. Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır. Xatırlayırsınızsa, 2016-cı ilin aprel ayında Ermənistanın təxribatları nəticəsində Ağdam və Tərtər rayonlarına dəymiş ziyanın aradan qaldırılması üçün də ölkə başçısı tərəfindən eyni xarakterli Sərəncam imzalanmışdı.

Sərəncama uyğun olaraq Tərtər, Ağdam kimi cəbhəyanı  rayonlarda ciddi dağıntıya məruz qalan evlər bərpa olunub, bir neçəsi yenidən tikilib, məktəblər, uşaq bağçalarında əsaslı təmir işləri həyata keçirilmişdi".