Ona görə ölkədə dollara tələbat yoxdur
Son dövrlər Dövlət Neft Fondunun valyuta satışı ilə bağlı keçirilən hərraclarda təklif tələbi üstələyir. Dünənki valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 4,1 faiz və ya 2,6 milyon dollar azalıb.
Hərracda tələb 60,5 mln. ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov isə "Şərq"ə açıqlamasında ölkədə xarici valyutaya tələbatın azalmasını mövcud karantin rejimi və koronavirus pandemiyası ilə əlaqələndirib. Adətən yay aylarında dollara tələbin müəyyən faiz azaldığını vurğulayan deputat əlavə edib ki, yaranan fərq xarici səfərlərin hesabına artırdı:
"Hər yay mövsümündə yerli kənd təsərrüfatı məhsullarının bazara çıxarılması idxal məhsullarına tələbi azaldırdı. Bu proses isə özlüyündə valyuta bazarına təsir edir və dollara olan tələb nisbətən zəifləyirdi.
Ümumiyyətlə, bir neçə ildir ölkədə idxalın əvəzlənməsi prosesi gedir. Xüsusilə də kənd təsərrüfatı məhsullarına tələbin yerli istehsal hesabına ödənilməsi nəticəsində idxalın həcmi azalıb, bu da dollara tələbin bəzi aylarda aşağı düşməsinə gətirib çıxardır.
Lakin ölkə vətəndaşlarının istirahət məqsədi ilə xarici ölkələrə üz tutması bu fərqi aradan qaldırır, dollara olan tələbin yüksəlməsinə zəmin yaradırdı. Hazırda tamamilə fərqli bir mənzərə ilə üz-üzəyik. Koronavirus pandemiyasına görə, xarici ölkələrə səfərlərin sayında kəskin azalmalar müşahidə olunur. Əvvəlki illərlə müqayisədə yerli məhsul istehsalında 2,2 faiz artım müşahidə olunur.
Bu iki amil səbəbindən ölkədə xarici valyutaya olan tələb 4,1 faiz azalıb. Digər tərəfdən ölkəmizdə karantinin olması, bir çox sahələrdə fəaliyyətin dayanması da əmtəələrə olan tələbi xeyli zəiflədib. Qeyri-ərzaq mağazalarının əksəriyyətinin bağlanması həmin malların idxalını dəfələrlə azaldıb. Dollara tələbi yaradan əsas amillərdən biri də məhz qeyri-ərzaq malları idi".
Dollara tələbin azalmasını ölkə iqtisadiyyatı üçün pozitiv tendensiya kimi dəyərləndirən millət vəkili hesab edir ki, qarşıya qoyulan əsas prioritetlərdən biri yerli istehlakın yerli istehsal hesabına ödənilməsinə nail olmaqdır. Bu zaman xarici valyutalara olan tələbin daha da azalmasının şahidi olacağıq.
V.Bayramov dollara tələbin azalması fonunda manatın möhkəmlənməsinin gözlənilən olmadığını deyib. Onun sözlərinə görə, dollara olan tələbin qarşıdakı aylarda da azalması Mərkəzi Banka milli valyutanın məzənnəsinin qorunub saxlanılması üçün əlavə rıçaqlar verə bilər: "Hazırda isə xarici valyutaya olan tələbin azalması manatın möhkəmlənəcəyi anlamına gəlmir. Mərkəzi Bank manatın məzənnəsini mövcud səviyyədə saxlayacaq".