Həkim də DİLƏ GƏLDİ: “Rayonlara gediş-gəlişə qoyulan məhdudiyyət absurddur”

“Oradakı xroniki xəstələr müayinəyə gəlməlidirlər, amma göndəriş almaqda çətinlik çəkirlər”

 “İnsanlar məzuniyyət götürüb istirahətə getsələr, virusa yoluxma halları da azalar"


"Operativ Qərərgahın SMS icazənin ləğvi və çimərliklərin açılması ilə bağlı qərarını alqışlayıram. Əslində çimərlikləri daha tez də açmaq olardı. Çünki açıq havada virusun yoluxma ehtimalı çox azdır. Tovuz hadisələri zamanı Bakıda keçirilmiş mitinq bunu sübut etdi". 

Bu sözləri "Sherg.az"a açıqlamasında həkim Qalib Əsədov deyib. 

Karantin rejiminin yumşaldılması ilə bağlı bəzi gözləntilərin özünü doğrultmadığını vurğulayan həkim bir sıra məhdudiyyətlərin qüvvədə qalmasının  insanlarda haqlı narazılıq yaratdığını deyib: 

"Bir neçə tanışım müvafiq yoxlamadan keçərək Türkiyəyə- Bodrum, Antalyaya istirahətə gediblər. Yeri gəlmişkən heç orda da  vəziyyət  ürəkaçan deyil. Bu mənada  xaricə istirahət etməyə gedən insanlara icazə verildiyi halda rayonlara gediş- gəlişə qoyulan məhdudiyyətlər absurddur. Nə qədər kəndlərə, rayona həsrət qalan  yaşlı insanlar var,  bu qadağa səbəbindən əziyyət çəkirlər. 

Rayonlarda çox sayda xroniki xəstələr var ki, vaxtaşırı müayinəyə gəlməlidirlər, amma göndəriş almaqla bağlı ciddi problemlər yaşayırlar.

Onsuz da rayona gedən insanlar təbiətin qoynunda istirahət etmək istəyir, bir yerə toplaşmır, vaxtının çoxunu həyət bacasında keçirir. 
Rayonlara gediş-gəlişin məhdudlaşmasının tezliklə aradan qaldırılmasını arzu edərdim. İnsanlar məzuniyyət götürüb istirahətə getsələr, Bakının yükü, sıxlığı azalar və virusa yoluxmaq ehtimalı azalar".

Marketlərdə kassanın qabağında yaranan  növbələri nümunə göstərən həkim hesab edir ki, belə olan halda kitab maqazalarının, geyim dükanlarının, ümumiyyətlə pürakəndə satış məntəqələrinin bağlı saxlanılmasının nə mənası var axı? Onsuz da bu obyektlərdə  heç vaxt sıxlıq olmur:

"İnsanlara məsafə saxlamaq, maska istifadəsi şərtilə bu müəssisələrin fəaliyyətinin açılmasını məqsədəuyğun hesab edirəm. Açıq havada fəaliyyət göstərən restoranlar, kafelərin də fəaliyyətə başlamasını zəruri hesab edirəm. 5 aydır ki, yüz minlərlə musiqiçi, aşpaz, qabyiyan, bərbər, usta, elektrik, ofisiant, xidmətçi və s xidmət sahəsinin işçiləri işsizdir.  Hesab edirəm ki, müəyyən qaydalara, təlimatlara əməl etməklə onların fəaliyyətinə icazə verilməlidir.

Təbabətin atası Hippokrat deyirdi ki, həkim ilk növbədə bu prinsipi əsas tutmalıdır: "Zərər vermə"!  Karantin insanları qorumaq üçündür. Onların yaşayışını daha uyğun optimal təşkil etmək üçündür. Bu şəkildə kütləvi işsizlik, yerdəyişmənin məhdudlaşdırılması  isə cəmiyyətdə aqressiyanı artırır, kütləvi narazılıq yaradır, insanlarda dövlətimiz haqqında mənfi təsəvvürün formalaşmasına gətirib çıxarır.

Hamılıqla bunun qarşısını almağa çalışmalıyıq. Bunun üçün isə sadə insanları anlamağa çalışmaq, onları başa düşmək lazımdır".