Millət vəkili deyib ki, karantinin ləğvi yoluxma sayının sıfıra enməsindən asılıdır
"Avqust ayından tətbiq olunmağa başlanan yumşalmalar pandemiyanın sona çatması anlamına gəlməməli, insanlarda arxayınlıq yaratmamalıdır. Pandemiyaya qarşı mübarizədə vətəndaş həmrəyliyi daha vacibdir.
Tibbi maskalardan istifadə, ara məsafənin saxlanılması, gigiyenik qaydalara əməl olunması tövsiyələri birbaşa vətəndaşların üzərinə düşən məsuliyyətdir".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Sədaqət Vəliyeva deyib.
Xüsusən də fəaliyyəti bərpa edilən obyektlərdə karantin qaydalarına riayət olunmasının vacibliyinə diqqət çəkən deputat hesab edir ki, həm istehlakçılar, həm də sahibkarlar birmənalı şəkildə həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əməl etməlidir.
Onun sözlərinə görə, mövcud qaydalara ciddi şəkildə riayət olunmasa koronavirusa yoluxma sayı yenidən arta, xəstəliyin miqyası genişlənə bilər: "Çox təəssüf ki, karantin rejimində yumşalmalardan arxayınlaşan bəzi vətəndaşlarımız hələ də maska taxmağın özü, yaxınları, çalışdığı kollektivin sağlamlığı üçün nə qədər böyük əhəmiyyət daşıdığını unudurlar.
Yaşadığımız ağrılı günlərə rəğmən hələ də küçələrdə, ticarət obyektlərində maskasız gəzən, maskanı qolunda, cibində, alnında, çantasında gəzdirən vətəndaşlara rast gəlinir. Bununla yanaşı, dəfələrlə deyilməsinə baxmayaraq, gizli kafe və iaşə obyektlərinin, hətta “evlərdə bağçaların” fəaliyyət göstərməsi halları müşahidə edilir.
Bu kimi faktlarla yanaşı qadağalara əməl etməyərək qeyri-qanuni yollarla regionlara gedənlər, qanunsuz toy-nişan, yas mərasimləri təşkil edən insanlar da virusun yayılmasına şərait yaradırlar".
Yumşalma prosesinin tədricən davam etməsində, məhdudiyyətlərin aradan qaldırılmasında dövlətin də ən az vətəndaşlar qədər maraqlı olduğunu vurğulayan S.Vəliyeva hesab edir ki, karantinin ləğvi yoluxma sayının sıfıra enməsindən asılıdır. Bunun üçün də tutulan qaydalara tam əməl olunmalı, qanunların pozulmasına yol verilməməlidir:
"Sahibkarlar, vətəndaşlar sosial məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Əgər yenidən sərtləşdirilmiş karantin rejimini, xəstəliyin yenidən alovlanmasını istəmiriksə, məsuliyyətli olmalıyıq, pandemiyaya qarşı mübarizədə birlik və həmrəylik nümunəsi ortaya qoymalıyıq”.