"Məktəb təkcə şagirdlərdən ibarət deyil"

"Şagirdlərin tək-tək, maska ilə oturmasını təşkil etməklə sentyabrın sonlarına yaxın məktəblərin fəaliyyətini bərpa etmək olar"


Mütəxəssislərin fikrincə, karantin rejiminin yumşaldılması laqeydliyə əsas verməməli, heç kim arxayınlaşmamalıdır. Küçəyə çıxan insanlar qoruyucu vasitələrdən kütləvi halda istifadə etməli, sosial məsafəni qorumalıdırlar. Məhdudiyyətlər götürülsə belə, insanlar mənəvi məsuliyyət daşımalıdır. Çünki dövlət üzərinə düşəni edib, artıq növbə vətəndaşlarındır.

Əhali tərəfindən xüsusi karantin qaydalarına əməl edilməməsi Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyini təhlükə altında qoyur. Ona görə də vətəndaşlarımız bir qədər ehtiyatlı və diqqətli olmalıdırlar.

Həkim-infeksionist Namiq Nəbiyevin "Şərq"ə açıqlamasına görə, son günlər yoluxma sayının yenidən  artmasına səbəb  vətəndaşların məsuliyyətsiz davranışlarıdır:

"Dünən Kürdəxanı kəndində İl market adlı bir ticarət dükanına girmişdim. İnsanların əksəriyyəti, o cümlədən də satıcılar maskasız hərəkət edirdilər. Maskasız insanlara irad bildirdiyimə görə də  mənə rişxənd edib  qaytarmaqla cavab verirdilər. Əgər əhali karantin  şərtlərinə bu cür əməl edəcəksə, təbii ki,  yoluxma sayında artım olacaq. Hətta belə davam etsə, yumşalmalar yenidən  aradan qalxa bilər". 

Payızda ikinci dalğanın yaşanması ehtimalına gəldikdə isə N.Nəbiyev deyib ki, karantin qaydalarının tələb və şərtlərinə əməl edilsə, payızda yoluxma sayının yüksəlməsinin  qarşısını almaq olar:

"Biz onsuz da ikinci dalğanı yaşayırıq. İyulda pandemiyaya yoluxma sayı azalmışdı, virus sönməyə doğru gedirdi. Lakin yumşalma tədbirlərindən sonra əhalinin  karantin tələblərinə əməl etməməsi, inamsızlığı  nəticəsində ikinci dalğa ilə üzləşmək məcburiyyətində qaldıq". 

Məktəblərin açılması məsələsinə toxunan  həkim distant təhsilin səmərəsiz olduğunu və dərslərin başlamasının labüd olduğunu deyib:

"Amma təbii ki, dərslərin ənənəvi qaydada keçirilməsi yoluxma baxımdan risklidir. Belə ki, uşaqlar arasında  koronavirusa yoluxma faizi az olsa da, onlara dərs deyən müəllimlərin yaşı da nəzərə alınmalıdır. Məktəb təkcə şagirdlərdən ibarət deyil axı? Hesab edirəm ki, dərs saatının müddətini azaldıb 30 dəqiqə etmək, şagirdlərin tək-tək, maska ilə oturmasını təşkil etməklə sentyabrın sonlarına yaxın məktəblərin fəaliyyətini bərpa etmək olar".