"Bəziləri türk qoşunlarının Azərbaycanı dəstəkləməsindən narahatdırlar"
"Bəziləri işğalçı düşməni və onun havadarlarını açıq-aşkar müdafiə edirlər"
"Görünür, “ağa”larından aldıqları son tapşırıqları yerinə yetirirlər"
Dünən Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti onlayn iclası keçirilib.
İclasda zamanı ölkədə və regiondakı mövcud vəziyyətə toxunan təşkilat sədri, millət vəkili Əziz Ələkbərli hazırda Türkiyə ordusunun Azərbaycan ordusu ilə birgə təlimlər keçirməsini yüksək qiymətləndirib.
Bunu Azərbaycan və Türkiyə qardaşlığına dair dünyaya ötürülən ciddi bir mesaj kimi dəyərləndirən deputat "Sherg.az"a açıqlamasında deyib ki, illərdir Azərbaycan torpaqlarının işğal altında qalmasına göz yuman dünya Azərbaycanın son qətiyyətli addımları qarşısında nəinki gözlərini açmaq məcburiyyətində qalmış, hətta bəzi ölkələrin heyrətdən gözü kəlləsinə çıxıb:
"Bunu ölkə daxilində və xaricindəki "beşinci kolon" nümayəndələrinin son zamanlardakı vurnuxmaları da sübut edir. Onların bəziləri türk qoşunlarının Azərbaycanı dəstəkləməsindən narahatlıqlarını ifadə edir, bəziləri işğalçı düşməni və onun havadarlarını açıq-aşkar müdafiə edirlər. Görünür, “ağa”larından aldıqları son tapşırıqları yerinə yetirirlər.
Lakin belələri bilməlidir ki, dövlətə, vətənə və millətə xəyanətdən böyük şərəfsizlik yoxdur və belələri ən sərt şəkildə cəzalandırılacaqlar. Bu məsələdə dövlət başçısının mövqeyi qətidir və Azərbaycan xalqı son nəfərinə qədər öz Prezidentinin yanındadır”.
Millət vəkilinin sözlərinə görə, iclasda son zamanlar bəzi separatçı qüvvələrin və gizli beşinci kalon nümayəndələrinin Qərbi Azərbaycanlılar adından müxtəlif formal qurumlar, hətta siyasi partiyalar yaradılması, bəyanatlar verərək Qərbi Azərbaycanlıları siyasi oyunlara cəlb etməyə çalışdıqları qətiyyətlə pislənib.
Qərbi Azərbaycanlılar adından danışmağa səlahiyyətli yeganə rəsmi qurum olaraq Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının həmişə olduğu kimi, bu gün də Azərbaycan dövlətinin və Azərbaycan xalqının yanında olduğunu, Prezident İlham Əliyevin siyasi taktika və strategiyasını birmənalı şəkildə dəstəklədiyi bildirilib.
Qeyd edək ki, iclasda Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatının yaradılması məsələsi ilə bağlı İcma sədrinin ideoloji məsələlər üzrə müavini Mirfaiq Mirheydərli məlumat verib. İcmanın gənclər qolunun yaradılması zərurətindən danışan natiq bu təşəbbüsün gənclər tərəfindən irəli sürüldüyünü, təşkilatlanma işinin xeyli dərəcədə həyata keçirildiyini qeyd edib:
"İclasda yekdilliklə gənc fəallar Namiq Muradov Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri, Sabir Rüstəmov isə sədr müavini seçilib. Gənclər Təşkilatının digər müavin və struktur rəhbərlərinin növbəti iclasda təyin olunması qərara alınıb.