Dövlət insanların sağlamlığını əsas götürür

Azərbaycanda məktəblərin açılması hələ müzakirə olunur


COVID-19 pandemiyası bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir situasiya yaratmış, sosial-iqtisadi prioritetlərə yenidən baxılmasını zəruri edib. Hər bir ölkə bu situasiyadan daha az itkilərlə çıxmaq üçün xüsusi strategiyalar müəyyənləşdirib. 
İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilməmiş, sadəcə proseslərin arxasınca gedib. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başlayıblar. 

BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Herniyetta Forun bəyanatına  görə, COVID-19 pandemiyası başlayandan bəri məktəblərin hər yerdə bağlanması uşaqların təhsil almasında, sağlam və firavan böyüməsində çətinliklər yaradır.

Biz uşaqların təhsilinə böyük önəm verməliyik. Bu, o deməkdir ki, biz məktəblərə qayıdan uşaqların təhlükəsizliyini, o cümlədən onları gigiyena vasitələri və təmiz içməli su ilə təmin etməliyik. H.For təkidlə aidiyyəti qurumları məktəblərdə dərslər başlayanadək uşaqlar üçün təhlükəsiz şərait yaratmağa çağırıb. 2019-cu ildə, hələ pandemiya başlamamış dünyada məktəblərin təxminən yarıdan çoxunda sabunla əl yumaq üçün yer olmayıb. COVID-19-un yayıldığı indiki dövrdə belə şəraiti olmayan məktəblərin açılmasına yol vermək olmaz.

Məktəblərin uzun müddətə bağlanmasının uşaqların təhlükəsizliyi, rifahı və təhsili üçün son dərəcə mənfi nəticələrə səbəb olacağı artıq danılmaz faktdır. Bununla əlaqədar olaraq, ÜST və UNICEF dünya ölkələrinin hökumətlərini zəruri ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsi ilə təcridolunma və sosial-iqtisadi nəticələr arasında balans tapmağa çağırıb. Onun sözlərinə görə, bu, COVID-19 pandemiyası dövründə məktəblərin açılmasına hazırlıq mərhələsində prioritet olmalıdır.

Hesabatın müəllifləri xatırladıblar ki, ən kasıb ölkələrdəki məktəblərdə uşaqlar nəinki təhsil, həm də qida və tibbi yardım alırlar. Bu gün məktəblərin bağlanması səbəbindən 370 milyon uşaq bu imkandan məhrum olub.

BMT dünyanın bütün ölkələrinin hökumətlərini imkan yaranan kimi uşaqları məktəblərə qaytarmağa, lakin bu zaman orada xəstəliklərin geniş miqyasda yayılmasının qarşısının alınması üçün şərait yaratmağa, sosial məsafəyə və gigiyena qaydalarına əməl olunmasını təmin etməyə çağırıb.

Pandemiya yalnız dünya iqtisadiyyatının tənəzzülə uğraması ilə deyil, həm də təhsilin mənfi təsirlərə məruz qalması ilə nəticələnir. Hətta  COVID-19 bütün dünyada təhsil müəssisələri üçün katalizator olub,  təhsilin yolunu dəyişib, aidiyyəti qurumları çaşbaş salıb. Demək olar ki, hazırda ən çox maraq doğuran məsələ  sentyabr ayında dərslərin ənənəvi yoxsa distant formada davam etməsi ilə bağlıdır. Bəzi  ölkələr yeni  tədris ilinin  başlayacağı ilə bağlı konkret qərarını verib. Lakin bir çoxunda davam edən pandemiya şəraitində məktəblərin necə açılması məsələsi hələ də həllini  gözləyir. O cümlədən də Azərbaycanda məktəblərin nə zaman və necə başlayacağı hələlik sual altındadır. Koronavirus səbəbilə aylardır, fəaliyyətini dayandıran təhsil müəssisələrinin nə zaman açılacağı hər kəsi maraqlandırır. Sosial şəbəkələrdə  isə dərslərin başlayacağı tarixlə bağlı müxtəlif versiyalar irəli sürülür.
Son günlər koronavirusa yoluxanların sayının az olması məktəblərin sentyabrın 15-də açılacağına dair ümidləri artırsa da, dünyanı qorxuya salan ikinci dalğa ehtimalı Azərbaycan cəmiyyətində də xof yaradıb. Valideynlərin əksəriyyəti uşaqlarını məktəbə göndərməyə ehtiyat edir, bir qismi də dərslərin yanvarda başlamasını daha məqsədəuyğun hesab edir. 

Azərbaycan dünyanın bir parçası olduğundan yaranmış vəziyyət respublikamızı da ciddi sınaq qarşısında qoydu. Lakin bu gün dünyada koronavirusla qətiyyətli mübarizə aparan ölkələrin arasında Azərbaycanın adı birincilər sırasında gəlir. Eyni zamanda respublikamız COVID-19-la qlobal mübarizəyə də mühüm töhfələr verir.

Pandemiya şəraitində  dövlət başçısı İlham Əliyevi  düşündürən ən vacib prinsip insanların sağlamlığıdır. İnsanların sağlam olması cəmiyyətin qorunması, bütövlüyü və dövlətin suverenliyi deməkdir.

Hazırda ölkənin təhsil və tibb mütəxəssisləri ilə birlikdə məktəblərin yeni tədris ilində açılması müzakirə edilir. Təhsil Nazirliyi qarşısında bu tapşırıq artıq qoyulub. Lakin yenə də dövlətin əsas marağı əhalinin sağlamlığının qorunması olduğu üçün real vəziyyət dəyərləndirilməmiş yekun qərar verilmir.  Məsələn, İsrail və bir sıra ölkələrdə ən pis senari baş verib – məktəblər açılışdan dərhal sonra  koronavirus infeksiyasının yeni ocağına çevrilib.  
Azərbaycanda  koronavirusa yoluxmalar  azalıb, sağalanların sayı yoluxanların sayını xeyli dərəcədə üstələsə də təhlükə sovuşmayıb. 
Mütəxəssislərin fikrincə, belə bir  şəraitdə məktəblərin açılması bizə baha başa gələ, bu günə kimi çəkilən əziyyətləri sıfıra endirə bilər. Bu isə vətəndaşların həyatının riskə atılması, dövlət maraqlarının zəifləməsinə səbəb olar. Məhz bu reallığı nəzərə alaraq Azərbaycanda məktəblərin açılması, yeni dərs ilinin başlanması hələ də müzakirə olunur.  Hər nə qədər cəmiyyət olaraq təhsilin davamlılığını arzulasaq da verilən qərarların bizim xeyrimizə olduğunu anlamalı və qəbul etməliyik.

Qeyd edək ki,  dünən Milli Məclisin Elm və təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda konfransı keçirilib.  Konfransda dünyanı bürümüş COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olunub. Yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun təklif və tövsiyələrini əks etdirən elmi araşdırmanın nəticələri ictimaiyyətə təqdim edilib. Onlayn çərçivədə keçirilən konfransda Təhsil naziri Emin Əmrullayev hazırda üzləşdiyimiz vəziyyətin kifayət qədər mürəkkəb olduğunu deyib. Onun sözlərinə görə, ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır.

Emin Əmrullayev nazirlik tərəfindən normal şəkildə təhsilə davam ediləcəyi təqdirdə COVİD-19-a yoluxma sürəti ilə bağlı araşdırmaların nəticələri barədə məlumat verib. Nazir növbəti tədris ili üçün təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun verdiyi təklifləri səsləndirib. Qeyd edilib ki, “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalarda təhsilin bütün davamiyyət formaları barədə araşdırmalar aparılıb və təkliflər verilib. Yoluxma risklərinin minimuma endirilməsi üçün ümumi məktəb günlərinin sayının, dərs saatının miqdarının, sinif otaqlarının azaldılması kimi tədbirlər nəzərdə tutulur. Tənəffüs fasilələrinin uzadılaraq şagirdlərin açıq havada çox vaxt keçirməsi məqsəduyğun hesab edilir. 

Təhsil eksperti Kamran Əsədov isə COVİD 19-a rəğmən artıq dünyanın bir çox ölkələrində yeni tədris ilinin açılmasına hazırlıq getdiyini deyib. Onun sözlərinə görə,  pandemiyanın davam etməsindən asılı olmayaraq müəyyən qaydalara riayət etməklə tədrisin bərpası mümkündür:

" İlk növbədə tədris ili başlayana qədər hər məktəbdə bir həkim və ya tibb bacısının olması təmin olunmalıdır. Mart ayından etibarən xəstəliyə yoluxmuş ailələr, onların yaxınları, xroniki, digər yoluxucu və təhlükəli xəstəlikləri olan şagirdlər, onların daşıyıcıları dərslərə gəlməsin. Onların təhsili mərkəz məktəblər tərəfindən məsafədən təşkil olunsun. Həmin şagirdlərin müəyyən olunaraq qeydiyyatının aparılması, əyani iştirak edə bilmədiyi dərslərinin cədvəllərinin müəyyən olunması oxuduğu məktəblə mərkəz məktəb arasında əlaqələndirilsin”. K. Əsədov vurğulayıb ki, I, V, IX siniflər həftədə 3 dəfə, ara siniflər həftədə 2 dəfəlik tədrisi nəzərdə tutan cədvəllər hazırlansın: “X və XI siniflərdə tədris tam onlayn qaydada təşkil edilsin. Onların dərsdən sonra şəhərin müxtəlif ərazilərində repetitorluq fəaliyyəti ilə məşğul olaraq vuris daşıyıcısı olma ehtimalları nəzərə alınsın”.
Ekspert təklif edib ki, indidən məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilsin: “Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilsin. Həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilsin. Bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər. Qapıda qızdırmaölçən cihaz və dezinfeksiya aparatı qoyulsun, hər kəs ondan məcburi istifadə etsin. Məktəblər açılarsa, vacibdir ki, sanqovuşaqlarda, otaqlarda, dəhlizlərdə müntəzəm dezinfeksiya işləri aparılsın. Tez-tez sinif otaqlarının havasının dəyişməsi təmin olunsun”.

Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, yoluxma sayında xeyli azalmalar olsa da, pandemiya təhlükəsi hələ ki sovuşmayıb: “Bir sıra dünya ölkələri ikinci dalğa təhlükəsini yaşayır.  Ona görə də, məktəblərin açılması məsələsi sadəcə bizim üçün yox, bütün dünya üçün aktual bir məsələdir. Bu istiqamətdə ciddi müzakirələr gedir.

Bildiyiniz kimi, Almaniyada dərslər başlayıb, Türkiyədə ay sonunda açılması gözlənilir. Eyni zamanda Azərbaycanın Təhsil Nazirliyi də  məktəblərin açılmasının müzakirə olunduğunu deyib.

Təbii ki, nazirliyin verəcəyi qərar birbaşa yoluxma sayından asılı olacaq. Karantin rejiminin yumşalmasından sui-istifadə fonunda  ölkədəki epidemioloji vəziyyət yenidən kəskinləşsə, dərslərin onlayn formatda keçirilməsi məsələsi nəzərdən keçiriləcək". 

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda tədris ilinin nə zaman başlayacağı ilə bağlı indidən nəsə demək çətindir.

Bu gün qarşıda duran əsas vəzifə virusa yoluxanların sayının azalmasıdır. Əsas diqqət bu istiqamətə  yönəlib. Məqsəd isə  təhsilin yüksək səviyyədə davam etdirilməsi və bu istiqamətdə fasilənin yaranmasına imkan verilməməsidir:

"Vətəndaşlar da bu reallığı dərk etməli və yoluxma sayının artmaması üçün mümkün qədər karantin qaydalarına əməl etməlidir.  Hamı bilməlidir ki, tədris ilinin başlanması məsələsinə cari vəziyyəti nəzərə alaraq baxılacaq. Hazırda bizim üçün vacib olan nüans əhalinin, insanların sağlamlığı məsələsidir. Bu baxımdan, hadisələrin gedişatından asılı olaraq, tədris ilinin başlanması əhalinin sağlamlığı üçün təhlükə olarsa, bir neçə versiya nəzərdən keçirilə bilər".