Tıxaclardan qurtuluş yolu görünmür

Bakıda binaların və əhalinin sayı həddindən artıq çoxdur

Şəhərin kanalizasiya sisteminin həddindən artıq yüklənməsi və bir çox yerlərdə sıradan çıxması bəlli problemlərə yol açır

Milyardlar hesabına  ərsəyə gələn, müasir "standartlara" uyğunlaşdırılan yollarımız bu dəfə də 2 saatlıq yağışa dözə bilmədi. Bu vəziyyət artıq bir ənənə halını alıb da deyə bilərik. Yağış yağan kimi Bakı küçələrində ucu-bucağı görünməyən tıxaclar yaranır.
Mütəxəssislər isə hesab edir ki, Bakının küçələri standartlara uyğun salınmadığından qısa müddət sonra orada çuxurlar, yağış yağdıqda isə gölməçələr yaranır. Belə ki, iri şəhərlərdə yollar salınarkən orta hissəsi nisbətən hündür götürülür ki, su yollarda qalmasın. Yolun kənarında isə üstü dəmirlə örtülü xüsusi xətlər çəkilməlidir. Yoldan axan sular həmin xətlə mərkəzi kanalizasiya sisteminə istiqamətləndirilməlidir. 



Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli "Şərq"ə açıqlamasında problemin kökünü Bakının  Baş Planının pozulması ilə əlaqələndirib.  

Onun sözlərinə görə, sözügedən problemin səbəbi şəhərin kanalizasiya sisteminin həddindən artıq yüklənməsi və bir çox yerlərdə sıradan çıxmasıdır: "Bakı şəhəri bəlli bir infrastruktur və bəlli bir insan sayı üçün nəzərdə tutulan şəhər olub. Həmin dövrdə Bakının kanalizasiya sistemi qurularkən 1,5-2 milyon insanın yaşayışı üçün nəzərdə tutulub.  Son illər isə  paytaxtda yenidənqurma işləri gedir, binaların və əhalinin sayı həddindən çox artıb. Su-kanalizasiya sistemləri isə yenidənqurma işlərindən kənarda qalıb.  Mövcud sistemin ötürücülük imkanları yenilənən şəhər infrastrukturu ilə uzlaşmadığı üçün yağış yağarkən su yollarda yığılıb qalır. 

Ekspertin sözlərinə görə, Bakıda yol infrastrukturunun abadlaşdırılması zamanı xeyli sayda kanalizasiya quyularının üzərindən asfalt çəkildi, iriölçülü kanalizasiya qapaqları estetik görünüşü pozmamaq üçün daha kiçiklərilə əvəz olundu:

" Düzdür, yol təmirilə məşğul olan qurumlar öz işlərini görürlər, lakin kanalizasiya sistemlərinə fikir vermirlər. Hər dəfə yol təmir ediləndə xeyli sayda kanalizasiya "lük”ları asfalt örtüyünün altında qalır. Nəticə isə yollarda yağış sularının yığılıb qalmasına gətirib çıxarır. Əslində, şəhərin coğrafi relyefi elədir ki, yol salınarkən qurunt sularının axıdılması nəzərə alınmalıdır. Əvvəllər avtomobil yollarının, səkilərin kənarlarında xüsusi novçalar olurdu ki, həmin novçalar məhz yağış sularını kanalizasiya quyularına istiqamətləndirirdi. Ona görə də yağış, leysan yağanda küçələri su basıb, avtomobillərin hərəkətinə mane olmurdu".