Digər mərkəzlər də Ombudsmanın təşəbbüsünə qoşulmalıdır
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında “Briut” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə cəbhə bölgəsində yaşayan insanlara psixoloji dəstək xarakterli yeni layihəyə start verilib. Layihə Ermənistan ilə həmsərhəd olan cəbhə bölgəsində yerləşən rayonlarda yaşayan mülki əhalinin, xüsusilə də həssas qrupdan olan uşaqların erməni hərbçiləri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması, eləcə də törədilən hərbi təxribatlar nəticəsində mənfi təsirlərə məruz qalmış psixoloji vəziyyətlərinin bərpa edilməsi, psixoloji dəstək xarakterli təlim və tədbirlərin keçirilməsi məqsədi daşıyır.
Psixoloji dəstək layihəsi çərçivəsində keçirilən görüşlər zamanı Qazax rayonunda və rayonun cəbhə xəttində yerləşən kəndlərində yaşayan yetkinlik yaşına çatmayanların, xüsusilə də ibtidai sinif şagirdlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin mütəmadi olaraq pozulması və törədilən təxribatlar nəticəsində daim psixoloji gərginliyə məruz qaldıqları müşahidə olunub.
Bu hal insan hüquqlarına dair beynəlxalq sənədlərin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də BMT-nin Uşaq hüquqları Konvensiyasının müvafiq maddələri ilə təsbit olunmuş uşaqların sağlam inkişaf etmək hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilməlidir. Görüşlər zamanı “Briut” Tibb Mərkəzinin mütəxəssisləri tərəfindən atəşkəsin pozulması nəticəsində psixi gərginlik keçirən yetkinlik yaşına çatmayanlara və onların valideynlərinə tibbi-psixoloji məsləhətlər və tövsiyələr verilib.
Cəbhə bölgəsində yaşayan insanlara psixoloji məsləhət və tövsiyələrin verilməsini təqdirəlayiq hal kimi dəyərləndirən Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov "Şərq"ə açıqlamasında bu cür layihələrin mütəmadi keçirilməsinə ehtiyac olduğunu düşünür. Onun sözlərinə görə, hər yaş qrupuna uyğun proqram müəyyən edilməli, məsləhət və tövsiyələr məhz o istiqamətdə aparılmalıdır:
"Eyni zamanda ümumtəhsil məktəblərində də psixoloji dəstək xarakterli təlim və tədbirlərin fasiləsiz həyata keçirilməsi çox vacibdir. Çünki cəbhə bölgəsində yaşam şəraiti çox həssasdır. Gündəlik aktiv döyüşlər getməsə də, atəşkəsin pozulması, düşmənin hər an təxribat törədəcəyi kimi düşüncələr daim onları narahat edir. Bu mənada Ombudsmanın təşəbbüsü ilə həyata keçirilən bu layihəni alqışalayiq hesab edirəm və orada iştirak edən bütün təşkilatçılara, o cümlədən mütəxəssislərə uğurlar arzu edirəm".
Psixoloqun sözlərinə görə, digər psixoloji mərkəzlərin də bu cür layihələrə qoşularaq xidmət göstəriləcək bölgələrin əhatə dairəsini genişləndirməsi daha yaxşı olar:
"2018-ci ildə qəbul olunan "Psixoloji yardım haqqında" qanunda ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili ilə bağlı maddə öz əksini tapıb.
Cari il iyunun 30-da cənab prezident Sosial Xidmətlər Agentliyinin və Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yaranması və nizamnaməsinin təsdiqi haqqında sərəncam imzaladı. Bu üç sənəd imkan verir ki, yaxın gələcəkdə xüsusi kateqoriyaya aid olan ölkə vətəndaşları pulsuz psixoloji yardım ala bilsinlər".