Virusun yayılma təhlükəsi Aşura günündə bəzi ayinlərin keçirilməməsini labüd edir
3 gündən sonra Məhərrəm ayı başlayır. Virusun yayılma təhlükəsi, yoluxma riskinin böyük olduğu nəzərə alınaraq dini ritualların kütləvi surətdə keçirilməsi qadağan edilib.
Karantin qaydalarına uyğun olaraq bu il Məhərrəm ayında kütləvi təziyə məclisləri təşkil olunmayacaq. Aidiyyəti qurumlar pandemiya ilə əlaqədar məscid və ziyarətgahlarda kütləvi ibadətlərin təşkili zamanı virusa yoluxma hallarının artma ehtimalının daha çox olduğu qənaətindədir.
Millət vəkili Sədaqət Vəliyeva da "Sherg.az"a açıqlamasında sanitar-gigiyenik qaydalara əməl olunmasının vacibliyi, insanların sağlamlığının qorunması məqsədilə açıq və qapalı məkanlarda dini ayinlərin təşkili, kütləvi toplaşmanın yolverilməz olduğunu deyib.
Onun sözlərinə görə, hətta pandemiya səbəbindən Həcc ziyarətinin təxirə salınması virusa yoluxma hallarının qarşısının alınması və insanlara diqqətin nümunəsidir:
"Bu səbəbdən də Məhərrəmlik ayının daha çox kütləvi şəkildə qeyd olunan Aşura günündə əvvəlki illərdən fərqli olaraq bəzi ayinlərin keçirilməsinə məhdudiyyətlər nəzərdə tutulur.
Çünki pandemiyaya görə təkcə Azərbaycanda deyil, bütün müsəlman ölkələrində həmin günün özünəməxsus ayinlərinin evlərdə təşkili daha məqsədəuyğun hesab edilir. Bütün bunlarla yanaşı Aşura mərasiminə uşaqların aparılması onların sağlamlığını təhlükə qarşısında qoyur.
Həmin mərasimdə iştirak edən insanlardan kimsə infeksion xəstəliklərin daşıyıcısı ola bilər. Koronavirus, vərəm kimi təhlükəli xəstəliyin daşıyıcısı olan hər hansı bir şəxsin orada iştirakı onlarla başqa adamın potensial vərəm xəstəsi olmasına səbəb ola bilər. Hava-damcı yolu ilə yayılan bu xəstəliklər uşaqları daha tez yoluxdura bilir. Uşaqların orqanizmləri zəif və yenicə formalaşan olduğundan onlar təhlükəli və güclü viruslara daha tez yoluxurlar".
Deputatın sözlərinə görə, islam dininin əsas qayəsi insanları birliyə, həmrəyliyə dəvət etmək, mərhəmət göstərmək, xeyirxah əməllərə çağırışdır:
"Bu mənada pandemiya dövründə Məhərrəm ayına xas inanclar fərqli yollarla yerinə yetiriləcək və Aşura günündə xəstələrə yardım məqsədilə Mərkəzi Qan Bankında qanvermə aksiyalarının keçirilməsi, xəstəlikdən əziyyət çəkənlərə həyat verilməsi Tanrı məqamında ən böyük savab, insanlıq, mərhəmətdir. Həmin gün kimsəsiz, aztəminatlı ailələrə yardım, valideyn himayəsindən məhrum uşaqlara nəvaziş göstərmək, uşaq evlərindəki körpələrə baş çəkmək insanlıq naminə edilən xeyirxahlıqdır".