“Bu insanlar virusa ikinci dəfə yoluxmayacaq...” – Seroloji testlər göstərir

“Yoluxsa belə xəstəliyi daha yüngül keçirəcək”

"Odur ki, əhali ilə təmasda olan qrupun seroloji tesdən keçməsi tövsiyə olunur”


Ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanıb. 
Testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir.

Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı müəyyənləşəcək. 
Seroloji testlər əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək. 

Mütəxəssislərin dediyinə görə, insan viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülallar – anticisimlər yaranır. Viruslara qarşı anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşmış immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti ola bilər. Ona görə də,seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir. 

İnfeksionist-hepatoloq Mərdan Əliyev "Sherg.az"a açıqlamasında əvvəldən  bu məsələnin həkimlərin diqqətində olduğunu deyib.  Onun sözlərinə görə, seroloji testlər bizə nə qədər insanın koronavirusa yoluxması və immunitet qazanması barədə məlumat əldə etməyə imkan verəcək: 

"Bu isə xəstəliyin sonrakı mərhələləri və ya ikinci dalğa üçün proqnoztik əhəmiyyət daşıyır. Əldə edilən nəticələr əsasında xəstəliyin sonrakı gedişi barədə məlumat öyrənmək mümkün olacaq.

Bu mənada seroloji testlər əhəmiyyət kəsb edir.  Seroloji testlərdə immunoqlobulin C və M yoxlanılır. İmmunoqlobulin C pozitiv olanlar immunitet qazanmış hesab olunur.

Deməli, bu insanlar virusa ikinci dəfə yoluxmayacaq, yoluxsa belə xəstəliyi daha yüngül keçirəcək.  Testlərin kütləvi şəkildə tətbiq olunması nəzərdə tutulsa da, ilk növbədə aktiv əhali qrupuna daxil olan həkimlər, polislər, jurnalistlərin bu testdən keçməsi daha məqsədəuyğun hesab olunur.

Virusa yoluxanların əsas hissəsi həkimlər, polislər və mətbuat işçiləri idi. Odur ki, əhali ilə təmasda olan qrupun seroloji tesdən keçməsi tövsiyə olunur”.