Səki çıxıntıları yeni innovativ üsuldur

Bu yenilik həm piyadaların, həm də sürücülərin xeyrinədir


Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yolların layihələndirilməsi həyata keçirilir və layihələndirmə zamanı yollarda çıxıntılar inşa edilir. 
Bu hal şəhər sakinlərində ciddi maraq doğurduğundan müəyyən suallar yaranır.  

Küçələrin tikintisi zamanı niyə səki çıxıntıları və ya səkilər yolun hərəkət hissəsinə doğru genişləndirilir?

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri  Mais Ağayev sosial şəbəkə hesabında bu məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, müasir küçə dizaynının elementlərindən olan bu çıxıntılar piyada yönümlü şəhər infrastrukturunun qurulması baxımından zəruri elementlərdəndir. Şəhərimiz üçün yenilik olsa da, dünyanın əksər şəhərlərində bu təcrübədən uğurla istifadə olunur: 

"Yolun müəyyən hissəsində zolaq ayrılır və səki qabağa çəkilir. Nəticədə yaranan cibdə avtomobili park etmək olur. Bu isə digər hərəkət zolaqlarına ümumiyyətlə maneə yaratmır. Yəni hərəkət intensivliyi öz yerində qalır.

Bu layihənin əsas üstünlüyü odur ki, burada yaradılan ciblər əsas yol hesabına deyil, kənarlara olan çıxıntılar hesabına olur. Bu da ümumi yolun enini dar etmir. Son 5 ildə şəhər nəqliyyatında tətbiq etdiyimiz bir çox yeniliklər kimi səki çıxıntılarını da əhalinin düzgün qəbul etməsi üçün geniş maarifləndirmə işlərinə ehtiyac var. 

Bu çıxıntıların məqsədi piyadalar üçün piyada keçid məsafəsinin azaldılması və gözləmək üçün daha geniş səkinin təmin edilməsi, xaotik parklanma vəziyyətinin nizamlanması, yol kəsişmələrində nəqliyyat vasitələri üçün münasib dönmə radiuslarının təşkilindən ibarətdir. Eyni zamanda  təhlükəsizlik səviyyəsinin daha da artırılması üçün işıqqaytarıcı vasitələr quraşdırılacaq. Bu, günün axşam saatlarında sürücülərin çıxıntıları daha aydın görə bilməsi üçün olduqca vacibdir". 



Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov  da açıqlamasında  yollardakı səki çıxıntılarının bütün hərəkət iştirakçılarının tam rahat hərəkətinə şərait yaratdığını deyib:

"Təkcə avtomobillərin yox, həm də piyadalara təhlükəsiz şəraitin yaradılması üçün yeni ideyalar ortaya çıxır.

Qeyd olunanların həlli üçün üsullardan biri təhlükəsizlik aralığıdır ki, bu həm nəqliyyat axınına, həm də piyadalara yolu keçməyə rahat şərait yaradır.
İnnovativ üsullardan biri də səki çıxıntılarıdır.

Bu halda mövcud ən kənar zolaq elə tənzimlənir ki, piyada keçidi və ya yolayrıcı qarşısında səki hərəkət hissəsinə daxil edilir. Nəticədə avtomobillərin park etməsi və ya taksi dayanacaqları üçün yer yaranır. Bu zaman yolun digər hərəkət zolaqlarında intensivlik qalır. Həmçinin yolun həndəsi forması da düzgün olur. Bu halda piyadaların da təhlükəsizliyi təmin olunur".

Səki çıxıntılarının bütün  küçələrdə  reallaşdırılmasının mümkün olmadığını vurğulayan ekspert deyib ki,  yol kənarında parklanması olan küçə və prospektlərdə sözügedən üsul tətbiq edilsə, daha effektiv olar:

"Küçələrin eni, zonaya uyğun ölçülər, hərəkət hissəsindən hansı məsafədə tikintiyə icazə verilməsi və s. məsələlərə vaxtında ciddi riayət olunsaydı, bu cür problemlər ortaya çıxmazdı. Heç olmasa, bundan sonra təmir zamanı bu məqamlar nəzərə alınmalıdır. Ümumilikdə isə hər küçəyə fərdi yanaşılmalıdır. Bu olarsa, maraqlı layihələrin həyata keçirilməsi mümkündür".